Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə...

21.06.2018 14:25

Dünyada bir çox futbolçu var ki, maqazin fiquruna çevrilmək istəyir, hətta özəl həyatları, karyeraları istedadlarının önünə keçir. Ancaq bu qəlibdən uzaq gəzməyə çalışan futbolçular da az deyil.

Türkiyəli futbolçu Nuri Şahin azarkeşlərin görməyə adət etdiyi futbolçulardan bir çox fəaliyyəti və hədəfləri ilə kəskin fərqlənir.

Nuri Şahin əslən Türkiyənin Kırşehir şəhərindən olan, sonradan Almaniyaya köç edən bir ailədə dünyaya gəlib. Hazırda 29 yaşı var və "Borussiya Dortmund” forması geyinir. "Real Madrid” və "Liverpul” kimi nüfuzlu komandalarda oynadıqdan sonra "Borussiya”ya qayıdıb.

Futbol karyerası ilə yanaşı, təhsilinə də diqqət yetirən futbolçu ötən il Harvard Universitetinə qəbul olub. O, universitetdə oxumaq arzusunu bu sözlərlə əsaslandırıb:

"Dünyanın ən yaxşı universitetində idarəçilik dərsləri almaq, o havanı udmaq furtbol karyeram üçün çox önəmlidir. Qəbul olunsam, futbol karyeramla birgə ali təhsilimi də davam etdirəcəyəm. Bu, məni həyəcanlandırır”.

Nuri Şahin daha sonra 3 ay boyunca "Əyləncə biznesi: Media və idman” proqramı üzərində işləyib və uğurla tamamlayıb.

Əlavə olaraq, qatıldığı yardım kampaniyaları ilə hər kəsin rəğbətini qazanmağı bacarıb. O, bir neçə gün öncə sosial media hesabında Efiopiyaya su quyusu qazmaq üçün getdiyini bildirib.

Onun komanda yoldaşı Neven Subotiç 2013-cü ildən bəri dünyanın ən quraq və kasıb bölgələrində su quyuları açır. Qurduğu fond sayəsində dəstək toplayır və ehtiyacı olan insanları su ilə təmin edir. Bu günə qədər 100-ə yaxın su quyusu istifadəyə verən Neven Subotiç sayəsində Nuri Şahin də su quyusu açan komandaya daxil olub.

Efiopiyaya səfər edən futbolçu orada 1 həftə qalıb. Sadəcə su quyusu qazmaqla kifayətlənməyən Nuri yerli ailələrin uşaqları ilə əyləncəli zaman keçirib, onlarla futbol oynayıb.

Təəssüratlarını bölüşən Nuri Şahin "Subotiç hər zaman mənə "bir su quyusunun bir insanın həyatını necə dəyişdirdiyini anlamaq üçün o ana tamaşa etməyin lazımdır” deyirdi. Sərhəd tanımayan bir yaxşılıq hərəkatının parçası olduğum üçün nə qədər təşəkkür etsəm, azdır” sözlərini deyib./publika.az

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR