Koronavirus xəstələrinə cinayət işi açıldı

05.12.2020 15:13

Koronavirusun yayılmasının qarşısının alınması məqsəsilə Nazirlər Kabinetinin qərarına əsasən elan edilmiş xüsusi karantin rejiminin Qazax, İsmayıllı və Tovuz rayonlarının ayrı-ayrı sakinləri tərəfindən pozulması halları müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu, İsmayıllı rayon sakini Ziliyev Vüqar Təşkilat oğlu və Tovuz rayon sakini Verdiyev Rufan İlham oğlu koronavirusla bağlı test analizləri verməklə testlərin nəticələrinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək, həmin müddəti evdə keçirməli olduqları halda, 04.12.2020-ci il tarixdə yaşadıqları evi qanunsuz tərk etməklə, epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud şəkildə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıblar.

Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə göndərilib.

Hazırda qeyd edilən işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Nərmin Məcidli

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR