Hindistanda COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir

14.08.2020 15:29

Hindistanın "Bharat Biotech” şirkəti tərəfindən ərsəyə gətirilən koronavirusa qarşı Covaxin adlı peyvənd dərmanının klinik sınaqlarının birinci mərhələsi uğurla keçir.

"The Economic Times” xəbər verir ki, sınaqlar 12 şəhərdə bütövlükdə 375 könüllü üzərində aparılır.

Paytaxt Nyu-Dehli yaxınlığındakı Rohtak şəhərində yerləşən tibb institutunda keçirilən tədqiqatların rəhbəri Savita Verma bildirib ki, dərman təhlükəsizdir: "Biz könüllülərin heç birində hər hansı mənfi əlamət müşahidə etməmişik”.

Onun sözlərinə görə, bundan sonra könüllülərə ikinci doza verilərkən dərmanın immun sisteminə təsirini yoxlamaq üçün qan nümunələri toplanacaq.

Sınaqların ilk mərhələsinin ayın sonunda yekunlaşacağı bildirilir.

Qeyd edək ki, Hindistanın koronavirusa qarşı ilk peyvənd dərmanı olan Covaxin "Bharat Biotech” şirkəti ilə Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) tərəfindən Pune şəhərindəki Milli Virusologiya İnstitutunda birgə yaradılıb. Sınaqlar uğurla başa çatsa, dərmanı gələn ilin birinci yarısından kütləvi istehsal etmək nəzərdə tutulur./Report

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR