Metrostansiyaların vestibüllərindəki ödəmə terminalları açılacaq

14.07.2020 18:15

Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin "BakıKart”ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunub.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a bildirilib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb. Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni” QSC, "BakıKart” və "MilliÖn” şirkətlərinin rəhbər şəxsləri arasında videokonfrans formatında görüş keçirilib. Müzakirələrin yekunu olaraq sərnişin tələbatı çox olan metro stansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib.

Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın. Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər "Həzi Aslanov”, "Əhmədli”, "Xalqlar Dostluğu”, "Neftçilər”, "Qara Qarayev”, "Azadlıq”, "20 Yanvar” stansiyalarının, saat 16:00-dan 20:30-a qədər isə "20 Yanvar”, "Nizami”, "Gənclik”, "N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq.

Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözlənilməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən "BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qurmaları xahiş edilir. Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Videokonfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarında yaranan texniki nasazlıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq "BakıKart” və "MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50 faizi çalışır. Buna baxmayaraq, hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına səy göstərir.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR