Koronavirus: ABŞ-da yeni xəstələnənlərin rekord sayı, Fransada ikinci dalğa gözlənilir

03.07.2020 14:43

ABŞ-da epidemioloqlar hakimiyyət orqanlarını koronavirusun cilovlanması üzrə təcili tədbirlər görməyə çağırırlar, əks halda gec ola bilər. BMT dünyadakı hərbi münaqişələri ən azı 3 ay müddətinə dondurmağı xahiş edir. Pandemiyanın ikinci dalğasına hazırlaşan Fransa maska ehtiyatı görür.

Xezerxeber.az bu barədə bbc.com saytına istinadla xəbər verir.

Cons Hopkins Universitetinin məlumatına görə, bu günə qədər koronavirusa yoluxanların sayı 10,7 milyona, bu səbəbdən ölənlərin sayı 516 minə çatıb. COVID-19-dan ən çox zərər çəkmiş ölkə ABŞ-dır. O, hər iki göstərici üzrə digər ölkələri xeyli qabaqlayır.

BMT Təhlükəsizlik Şurası pandemiya başlayandan bəri ilk dəfə xüsusi qətnamə qəbul edərək dünyada münaqişə vəziyyətində olan bütün tərəfləri 3 ay müddətinə atəşkəs elan etməyə çağırır ki, COVID-19-un daha geniş yayılmasının qarşısı alınsın.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, Yaxın Şərq ölkələrinin koronavirusa qarşı mübarizədə bütün imkanları tükənib. ÜST ekspertlərinin sözlərinə görə, Suriya və Yəmən kimi münaqişə zonalarında həkimlərin bu xəstəliyin yayılmasına nəzarət etmək imkanları yoxdur.

ABŞ-da sutka ərzində yoluxanların yeni rekord göstəricisi – 52 min hadisə qeydə alınıb. Texas, Florida və Kaliforniya kimi iri ştatlarda vəziyyət daha pisdir. Bəzi ştatlarda yenidən karantin tətbiq edilib.

İnfeksiyanın yayılması fonunda Prezident Donald Tramp tibbi maskalar barəsində öz fikrini dəyişib. Əvvəlcə bu maskaları faydasız hesab edən Tramp indi bəyan edib ki, bu qoruyucu vasitədən istifadə olunmasını dəstəkləyir. Bununla bərabər, Tramp vurğulayıb ki, maska taxılması zəruri deyil.

Çərşənbə günü "Fox Business Network” teleşirkətinə müsahibə verən Tramp deyib: "Mən maskaları bütünlüklə və tamamilə dəstəkləyirəm”. Prezidentə sual verilib ki, o, özü maska taxardımı? Prezident belə cavab verib: "Əgər mən insanlarla bərabər çətin vəziyyətə düşsəydim, əlbəttə maska taxardım”. Tramp daha sonra deyib ki, maskada necə görünməsi hətta "bir qədər xoşuna gəlir”. O, zarafatla əlavə edib ki, maska onu Tənha reyncerə - Amerika vesternlərinin cinayətkarlara qarşı mübarizə aparan personajına bənzədir.

ABŞ-ın baş epidemioloqu Entoni Fauçi xəbərdarlıq edib ki, epidemiyanın cilovlanması mexanizmi tezliklə tapılmasa, o, fəlakətli miqyas alacaq.

Fauçi bbc-yə müsahibəsində deyib: "Biz həm yoluxanların, həm də ölənlərin sayına görə hər hansı başqa ölkədən daha çox zərər çəkmişik. İndi biz yeni problemlə üzləşmişik: hökumət ölkəni nisbətən normal məcraya qaytarmağa çalışır və biznes sahələrini qismən açır, lakin belə bir vaxtda ayrı-ayrı ştatlarda yoluxmaların sayının kəskin artması müşahidə olunur”.

O, ABŞ-da və Avropada görülmüş tədbirləri müqayisə edərək vurğulayıb ki, Avropa ölkələrinin çoxunda orta hesabla 97 faiz, ABŞ-da isə yalnız 50 faiz lokdaun tətbiq edilib, bu da virusun daha çox yayılmasına səbəb olub. Onun fikrincə ABŞ-da çoxları, xüsusən gənclər sosial məsuliyyət nümayiş etdirmirlər.

Epidemiya başlayandan bəri ABŞ-da təqribən 2,7 milyon nəfər xəstələnib, 128 min pasiyent ölüb. Bunlar dünyada ən pis göstəricilərdir.

Fransada epidemiyanın ikinci dalğasını gözləyirlər. Ölkənin hakimiyyət orqanları şirkətlərə və müəssisələrə azı 10 həftəlik maska ehtiyatı görməyi tövsiyə edirlər. Fransa İqtisadiyyat və Maliyyə Nazirliyində bildiriblər: "Biz növbəti tədris ilinin başlanmasına hazırlaşırıq və virusun qayıtması riski var”.

Cons Hopkins Universitetinin məlumatına görə, epidemiya başlayandan bəri Fransada təqribən 203 min nəfər xəstələnib, 29,8 min nəfər ölüb. İyunun əvvəlindən Fransa sürətlə lokdaundan çıxmağa başlayır.

Serbiyanın bəzi regionlarında yoluxma statistikası artmağa başlayandan sonra həmin regionlarda yenidən karantin tədbirləri tətbiq edilib. Bu ölkə gediş-gəliş üçün ən təhlükəsiz sayılan ölkələrin yaxın vaxtlarda Avropa İttifaqı ilə razılaşdırılmış siyahısına daxil edilib, lakin Avstriya bildirir ki, o, Serbiyadan gələnlər üçün məhdudiyyətlər tətbiq edə bilər.

Norveçin NRK telekanalının məlumatına görə, Norveç sərhəd xidmətinin veb-kameraları İsveçdən insanların bu ölkəyə gəlməsini qeydə alıblar, hərçənd Oslo qonşu ölkə ilə gediş-gəlişə ciddi məhdudiyyətlər qoyub.

NRK-nın məlumatında deyilir ki, həmin veb-kameraların köməyi ilə sərhəddə polis postları olub-olmadığını izləmək mümkündür, bəzi qayda pozanlar da bu imkandan istifadə ediblər. Jurnalistlər bu məsələ ilə əlaqədar sərhəd xidməti ilə əlaqə saxlayandan sonra sərhəddəki veb-kameralar söndürülüb.

Danimarkada futbol üzrə ölkə kubokunun final matçını yarımçıq kəsməli olublar, çünki komandalardan birinin fanatları tribunalarda sosial məsafəni gözləməkdən imtina ediblər. Polis bir dəstə adamı stadiondan çıxarmalı olub və bundan sonra oyun davam edib.

Latın Amerikası ölkələrində də yoluxmaların artması müşahidə olunur. Koronavirusa yoluxmuş və bu səbəbdən ölmüş insanların sayına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutan Braziliyada 60 mindən çox adam vəfat edib.

Cənubi Afrikada son bir gündə 8100 nəfər vəfat edib. Bu, epidemiya başlayandan bəri ən yüksək göstəricidir. Cənubi Afrika Respublikasında bütün Afrika qitəsi miqyasında ən pis vəziyyət yaranıb: burada təqribən 160 min nəfər xəstələnib, 2749 nəfər ölüb.

Yeni Zelandiyanın Səhiyyə naziri istefa verib. Məlum olub ki, nazir karantin qaydalarını pozurmuş, buna görə ölkə ictimaiyyəti onun açıq üzr istəməsini tələb edib.

Yeni Zelandiya epidemiyanın öhdəsindən daha uğurla gəlmiş ölkə hesab edilir. Orada 1530 nəfər xəstələnib, 22 nəfər ölüb. Bu ölkənin hakimiyyət orqanları xarici sərhədləri başqa ölkələrdən daha tez bağlayıb və lokdaun tətbiq ediblər.

İsrail parlamenti belə bir təklifin lehinə səs verib ki, COVID-19 diaqnozu təsdiq edilmiş vətəndaşların mobil telefonlarında saxlanılan informasiyanın təhlükəsizlik xidmətləri üçün 3 həftə müddətində əlçatan olmasına icazə verilsin.

Əsasən bu insanların diaqnozu təsdiq ediləndən əvvəlki 14 gün ərzində olduğu yerlər izlənəcək. Hakimiyyət orqanları bu addımı yoluxanların sayının artması fonunda atıblar.

İsraildə cəmi 26,2 min nəfər yoluxub, 322 nəfər ölüb.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR