Əli Hüseynli: Ölkəmizdə həyata keçirilən hüquqi tədbirlərin siyasiləşdirilməsinin heç bir əsası yoxdur

06.04.2020 19:05

Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, "beşinci kolon” təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək.

Bu fikri Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli "Milli şura”nın bəyanatı ilə bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.

- Əli müəllim, qondarma "Milli şura” belə bir iddia ilə çıxış edib ki, guya Azərbaycan hakimiyyəti koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Elə "Milli şura”nın bəyanatı və bəyanatın məzmunu bir daha onu göstərir ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində özünü radikal müxalifət adlandıran bu qrupun fəaliyyəti ilə bağlı proqnozlarında tam haqlı olub. Azərbaycan dövlətinin və Azərbaycan xalqının bu qlobal pandemiyaya qarşı tamamilə səfərbər olduğu, bütün cəmiyyətin bu həssas məsələdə birlik nümayiş etdirdiyi bir vaxtda belə bir bəyanatın qəbulu, belə bir davranış yalnız təxribat kimi qiymətləndirilə bilər. Hesab edirik ki, Azərbaycan ictimai fikri də məsələni məhz bu cür dəyərləndirir. Əgər xatırlayırsınızsa, biz bir müddət əvvəl bəzi beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən qərəzli və qeyri-obyektiv bəyanatlarda bunun cücərtilərini gördük. İndi Azərbaycandakı "beşinci kolon” bunu icra etməkdədir.

- "Milli şura” bir sıra şəxslərin məhz bu dövrdə həbs olunması ilə bağlı iddialarla çıxış edir, buna siyasi don geyindirməyə çalışır. Bunu necə dəyərləndirirsiniz?

- Onların səsləndirdikləri bu fikirlər təəccüb və ikrah hissi yaradır. Bilirsiniz ki, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə inzibati və cinayət qanunvericiliyimizə də dəyişiklik olundu. Bu dəyişikliklər haqqında bütün Azərbaycan vətəndaşlarına vaxtında və operativ şəkildə məlumat verilib və ictimaiyyət bu məsələlər haqqında tam məlumatlıdır. Hamı bilir ki, biz hazırda tamamilə fərqli bir hüquqi rejimdə yaşayırıq. Bu dövr ərzində Azərbaycanda karantin rejimi qaydalarını pozduqarına görə, 3 cinayət işi üzrə 5 nəfər haqqında həbs qətiimkan tədbiri seçilib, 75 nəfər inzibati qaydada həbs edilib, 18767 nəfərə inzibati qaydada cərimə tətbiq edilib, 475 nəfərə isə xəbərdarlıq edilib. Onların sırasında iddia olunan bir neçə nəfərin olmasının siyasiləşdirilməsi qeyd etdiyimiz rəqəmlərin fonunda çox məntiqsiz görünür. Bu baxımdan müvafiq qurumlar tərəfindən həyata keçirilən hüquqi tədbirlərin siyasiləşdirilməsinin heç bir əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hüququn aliliyi tam təmin olunur. Əgər kiminsə əməllərində, fəaliyyətində qanun pozuntusu varsa, qanunsuzluğa yol verirsə, o da mütləq şəkildə qanun qarşısında cavab verməlidir.

Əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, "beşinci kolon” təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək. "Milli şura”nın bu bəyanatı isə bir daha belə bir çətin dövrdə radikal ünsürlərin Azərbaycan xalqı ilə ayrı düşüncədə olmasından xəbər verir.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR