Maliyyə Nazirliyi: Dövlət borcunun və zəmanətlərinin uçotu daha effektiv aparılacaq

11.09.2019 17:21

Prezident İlham Əliyevin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ilə müəyyən edilmiş tapşırığın icrası məqsədilə Maliyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə layihə sənədi imzalanıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, icra müddəti 36 ay olan layihə Asiya İnkişaf Bankı (ADB) və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və qurumun əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihə müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə dolğun borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi, eləcə də borc məlumatlarını daha effektiv təhlili əsasında funksional çərçivə üzrə strateji məqsədlərə nail olmağa tövhə verəcək. Bununla yanaşı, layihə dövlət borcunun və zəmanətlərin hesabatlığının da təkmilləşdirilməsini hədəfləyir.

UNCTAD-ın Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi - DMFAS Proqramının əsas məqsədi davamlı iqtisadi inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması məqsədilə dövlət borclarının daha səmərəli şəkildə idarə edilməsini təmin etməkdir. Eyni zamanda, DMFAS borc idarəetmə prosedurlarını asanlaşdırır və beynəlxalq və ölkə səviyyəsində hesabatların daha şəffaf və dəqiq hazırlanmasına şərait yaradır.

Hazırda DMFAS proqramı 60-dək ölkənin maliyyə nazirliklərinə və mərkəzi banklarına istehsal qabiliyyətlərinin artırılması istiqamətində borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verir.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR