Xəzər Xəbər

Ermənistan müharibədə uşaqlardan istifadə etməklə qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozur

Cəmiyyət | 11:18 • 25 Oktyabr 2020
Ermənistan müharibədə uşaqlardan istifadə etməklə qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozur

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının mülki əhalisinə qarşı hərbi qanunlara zidd olaraq kaset bombalarından istifadə edib hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində 65 mülki şəxs həlak olub, onlardan 10-u yetkinlik yaşına çatmayanlardır. Eyni zamanda, 300-dən çox yaralı var və 2200-dən artıq mülki obyekt dağıdılıb. Dağıdılan mülki obyektlərin sırasında uşaq bağçaları, məktəblər, xəstəxanalar və yaşayış evləri var.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov AZƏRTAC-a açıqlamasında bildirib ki, Ermənistan hökuməti 1992-ci ildə "Uşaq hüquqları haqqında” Konvensiyanı, 2005-ci ildə isə "Uşaq hüquqları haqqında Konvensiyaya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar” Fakultativ Protokolu ratifikasiya edib. Buna baxmayaraq, Ermənistan hökuməti mütəmadi olaraq, humanitar və beynəlxalq hüquq normalarını pozaraq insanlığa qarşı müharibə cinayətləri törədir.


"Bu günlərdə Ermənistan mediasında və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxslərin Ermənistan ordusuna "könüllü” kimi çağırılması və iştirakı haqqında qərarlar və faktlar yayılıb. Qeyd edim ki, "Uşaq hüquqları haqqında” Konvensiyanın 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlar barəsində tətbiq edilə biləcək və uşaqlara aid olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara birbaşa cəlb edilməməsi öhdəlik kimi qeyd edilib. Göründüyü kimi, Ermənistan hökuməti məqsədli şəkildə qoşulduğu konvensiyalara qarşı zidd əməllər həyata keçirir.


"Uşaq hüquqları haqqında Konvensiyaya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar” Fakultativ Protokolun 1-ci maddəsinə əsasən, dövlətlər onların silahlı qüvvələrinin 18 yaş həddinə çatmamış hərbi qulluqçularının birbaşa hərbi əməliyyatlarda iştirak etməməsini təmin etmək üçün bütün mümkün tədbirləri görməlidir. Eyni zamanda, həmin protokola əsasən, dövlətlər 18 yaş həddinə çatmamış şəxslərin onların silahlı qüvvələrinə çağırışa cəlb edilməməsini təmin etməlidirlər. Hazırda Ermənistan mətbuatında işıqlandırılan faktlar isə bunun əksini təsdiq edir. Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə cəlb edərək nəinki uşaqların təhsil, inkişaf və digər hüquqlarını pozur, ümumiyyətlə, onları ölümə göndərir”, - deyə E.Səfərov qeyd edib.


Şöbə müdiri bildirib ki, beynəlxalq sənədlərə əsasən ölkənin silahlı qüvvələrindən fərqli olan digər silahlı qruplar heç bir halda 18 yaş həddinə çatmamış şəxsləri hərbi əməliyyatlara cəlb etməməli və ya istifadə etməməlidirlər. Bu, bir beynəlxalq aksiomadır. Ermənistan silahlı qüvvələrindən kənar ayrıca kriminal qrupların Dağlıq Qarabağa cəlb edilməsi faktı da Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Yuxarıda qeyd edilən protokolun 6-cı maddəsinə əsasən, hər bir iştirakçı-dövlət bu Protokolun müddəalarının səmərəli şəkildə həyata keçirilməsi və tətbiq olunmasının təmini üçün öz yurisdiksiyası çərçivəsində bütün zəruri hüquqi, inzibati və digər tədbirləri görür.


"Məlum olduğu kimi, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinə əsasən, erməni silahlı qüvvələri tərəfindən boşaldılması qərarı verilmişdir. Bu günlərdə isə bizim şanlı ordumuz bu qərarları özü icra edir. Həmin ərazilər hüquqi çərçivədə Azərbaycan Respublikasının yurisdiksiyasına aiddir. Deməli, həmin ərazilərdə yaşayan insanlar da Azərbaycan Respublikasının yurisdiksiyaına daxildir. Beləliklə, Ermənistan hökumətinin nümayəndələri Dağlıq Qarabağ ərazisində yaşayan yetkinlik yaşına çatmayan şəxsləri ordu sıralarına məcburi salaraq Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən məsuliyyətə cəlb edilməlidirlər. Bu məsələdə beynəlxalq məhkəmədə iddianı qaldıraraq hüquqi yurisdiksiyaya uyğun ədalətli qərarın verilməsi məqsədilə ehtiyacı olan faktlar və dəlillər var.


Qeyd edim ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin müharibə cinayəti qismində təsnif olunması müəyyən edilmişdir.


Ümumiyyətlə, uşaqların hərbi münaqişələrə cəlb edilməsi yolverilməzdir və bu faktlarla bağlı BMT-nin Uşaq Fondunun hüquqi rəy verməsi vacibdir. Ermənistan hökumətinin BMT-nin Uşaq Fonduna növbəti hesabatının təqdim edilməsi zamanı bu məsələ öz əksini tapmalıdır.


Qeyd edilən faktlar Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) Statutunu və dörd Cenevrə Konvensiyasının müəyyən etdiyi normaları kobud şəkildə pozur. Ermənistan hökumətinin rəhbəri və üzvləri tərəfindən insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara konvension normalara uyğun olaraq hüquqi qiymət verilməli və məsuliyyət müəyyənləşdirilməlidir”, - deyə E.Səfərov qeyd edib.


Şöbə müdiri onu da bildirib ki, bu müharibə cinayətlərinə dair məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsmanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatları, müraciətləri və digər sənədləri beynəlxalq təşkilatlara təqdim edilib.

Xəbər lenti