Xəzər Xəbər

Ceyhun Bayramov ABŞ danışıqlarının təffərüatlarını açıqladı VİDEO

Veb TV | 10:08 • 24 Oktyabr 2020
Ceyhun Bayramov ABŞ danışıqlarının təffərüatlarını açıqladı

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycanın xarici işlər naziri bu ölkənin dövlət departamentinin rəhbəri Mayk Pompeo, ATƏT-in Minsk qrupu həmsədrləri, Birləşmiş Ştatlar prezidentinin köməkçisi Robert Obrayn, eləcə də Birləşmiş Ştatlar Konqresinin nümayəndələr palatasının rəhbəri Nensi Pelosi ilə görüşüb. Nazir diplomatik çərçivədə keçirdiyi görüşlər barədə "XəzərXəbər”ə müsahibə verib.


Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraynla görüşüb. Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəfa alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.


Ceyhun Bayramov konqresin nümayəndələr palatasının spikeri Nensi Pelosi ilə də görüşüb. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəs rejimi çərçivəsindəki öhdəliklərini kobud şəkildə pozaraq danışıqları məhv etdiyini, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışdığını vurğulayıb. Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacibliyini qeyd edib.


Nazir "XəzərXəbər”ə müsahibəsində İranla Azərbaycan sərhədinin işğal altında olan ərazilərinin tam nəzarətə götürülməsinin önəmindən də danışıb.


Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib. Nazirliyin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

Xəbər lenti