Xəzər Xəbər

AŞPA-nın ikili standartları öz nüfuzuna zərbə vurur VİDEO

Veb TV | 22:25 • 6 İyun 2020
AŞPA-nın ikili standartları öz nüfuzuna zərbə vurur

Avropa Şurası son illər həyata keçirdiyi ikili standartlarla dünya ictimaiyyətini də çaşbaş salıb. Xüsusilə də son illər baş verən proseslər bunu açıq-aydın göstərir. Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş seçki oyununu bütün aparıcı ölkələr qınayıb və tanımayıb. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. Bu mövqe isə bu qurumun nüfuzunu yerlə-bir edir.


Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi son vaxtlar daha çox diqqət çəkir. Xüsusilə də bir müddət əvvəl Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilən dırnaqarası seçkilərə qurumun susması bu faktın təzahürüdür. Bütün aparıcı beynəlxalq təşkilatlar bu seçki oyununu qınayan bəyanatlar versələr də, bu məsələdə Avropa Şurasının səsi nədənsə çıxmadı.


AŞPA-nın son vaxtlar siyasi riyakarlığa və ikili standartlara tez-tez yol verməsi əlbəttə onun nüfuzuna mənfi təsir edir. Müasir çağırışlar obyektiv olmağı tələb etsə də, Avropa Şurası öz fəaliyyətində bu çağırışlara cavab verə bilmir...


Avropa Şurası Parlament Assambleyasında təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Nigar Arpadarai deyir ki, illərdir bu qurum Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək yaradılmış "Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə" Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ucbatından fəaliyyətini dayandırdı. Azərbaycanda məişət zəminində baş vermiş ən adi hadisəyə belə reaksiya verən AŞPA nəyəsə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.



Şübhəsiz ki, bu yanaşmanın əsas səbəblərindən biri də erməni lobbisidir. Hər zaman Azərbaycana ləkə yaxmağa çalışan ermənilər bu üsullardan istifadə edib. Bütün bunlarla belə Azərbaycan tərəfi öz haqlı mövqeyini bütün beynəlxalq platformalarda müdafiə etməyə davam edəcək.


Xəbər lenti