Xəzər Xəbər

Maskadan istifadə edənlərin sayı kəskin şəkildə azaldı VİDEO

Veb TV | 21:17 • 23 May 2020
Maskadan istifadə edənlərin sayı kəskin şəkildə azaldı

Bu gün əməkdaşlarımız paytaxtda vətəndaşların gur olduğu yerlərdə çəkilişlər ediblər. Müəyyən olunub ki, sms icazə sisteminin ləğv edilməsindən sonra maskadan istifadə kəskin azalıb, üstəlik insanlar sosial məsafə prinsipinə də əməl etmirlər. Özlərini qorumaqları bir yana, digər şəxsləri də təhlükəyə atırlar. Qeyd edək ki, karantin qaydalarının pozulmasına görə, bizim ölkədə tətbiq edilən cərimələr digər ölkələrlə müqayisədə olduqca aşağıdır. Hətta bəzi xarici ölkələrdə daha sərt cəzalar var. Qaydaları pozanlar 30 min avro və yaxud da bir il həbs edilirlər. Hüquqşunaslar isə düşünürlər ki, virusa yoluxanların sayı daha da artarsa, ölkəmizdə də cərimə məbləğləri artırıla bilər.


İctimai nəqliyyatda sərnişinlər məsafə saxlamırlar. Hələ bu azmış kimi, maskadan istifadə etməyənlərin sayı da kifayət qədərdir.


Eyni hal dayanacaqlarda da müşahidə edilir. Avtobus gözləyən onlarla şəxs olduqca sıx dayanıblar.


İndi isə keçək şəhər mərkəzinə, Nizami küçəsinə. Karantin qaydalarının yumşaldılması, xüsusilə də sms icazə sisteminin ləğv edilməsi deyəsən insanlarda əməlli-başlı rahatlıq yaradıb. Maska taxanlar barmaqla sayılacaq qədər azdır desək yalan olmaz. Bəzi restoranlarda isə müştərilər məsafə saxlamadan əyləşirlər. Qaydaların yumşaldılması bir növ virus bitdi fikirini də formalaşdırıb. Halbuki, rəqəmlər tamam əksini deyir. Son günlərin statistikasına nəzər salsaq, gündəlik yoluxanların sayı 100 nəfərdən aşağı düşməyib.



Yoluxma riskinin ən yüksək olduğu yerlərdən biri də ictimai nəqliyyatdır. Amma ictimai nəqliyyatdan istifadə edənlər də sosial məsafə saxlamır və maska taxmırlar. Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev deyir ki, sıxlığın azaldılamsı məqsədi ilə ictimai nəqliyyat vasitələrinin sayı 15% artırılıb. Üstəlik daşıyıcılara göstəriş verilib ki, bütün ehtiyat avtobuslar da xəttə buraxılsın.



Müşahidələr onu deməyə əsas verir ki, əksər vətəndaş hələ də sosial məsafənin qorunmasının vacibliyini dərk etmir. Bir çox hallarda insanlar dövlətin humnaist yanaşmasından sui istifadə edir. Belə ki karantin qaydalarını pozanlar maksimum 200 manat cərimə edilir. Halbuki bu rəqəm digər dövlətlərdə qat-qat yuxarıdır. Əksər ölkələrdə ictimai yerlərdə, xüsusilə ictimai nəqliyyatda maskadan istiadə məcburidir və bu qaydanı pozanlar sərt cəzalarla qarşılaşır.


Hüquqşunas Tural Şükürov deyir ki, ölkəmizdə karantin qaydalarının pozulmasına görə, cərimələr aşağıdır. Əgər vətəndaşların məsuliyyətsizliyi davam edərsə, cərimə məbləğləri daha da sərtləşdirilə bilər.



Qeyd edək ki, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollar cərimə ödəməlidir. Fransada ictimai nəqliyyata maskasız minmək isə 150 avro cərimələnmək deməkdir. Belçikada bu rəqəm 250 avr, İspaniyada isə 300 avrodur. bundan əlavə ispaniyada karantin qaydalarını pozan şəxslərin cəriməsi 30 000 avroya qədər arta bilər. Bu ölkədə qaydaları pozanlar hətta1 il həbs də oluna bilər. Almaniyada isə müxtəlif sahələr üzrə karantin qaydalarını pozanlara 10000 avroya qədər cərimələnməsi nəzərdə tutulub.


Xəbər lenti