Xəzər Xəbər

Şimali Koreyada koronavirusa qarşı nanoörtüklü maska hazırlanıb

Dünya | 14:47 • 9 Aprel 2020
Şimali Koreyada koronavirusa qarşı nanoörtüklü maska hazırlanıb

KXDR koronavirusla mübarizə aparmaq məqsədilə bakteriya əleyhinə nanoörtüklü maska hazırlayıb.

Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir ki, yeni maskalar KXDR Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi Avadanlıqlar üzrə Tədqiqat İnstitutunda fövqəladə epidemiyalar əleyhinə tədbirlər çərçivəsində hazırlanıb. Çalışmalarda ölkədə istehsal olunan materiallardan istifadə edilib. Artıq Pxenyanda yerləşən tibbi avadanlıqlar zavodu yeni maskaların istehsalına başlayıb.

"Antibakterial nanopreparatdan istifadə olunmaqla istehsal edilən yeni maskalar havada olan müxtəlif bakteriya və virusları məhv edərək və kiçik hissəcikləri saxlayaraq insanların təmiz hava ilə nəfəs almalarına imkan yaradır”, - deyə məlumatda qeyd edilir. Yeni maskaların Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi texniki xüsusiyyətlərə uyğun olduğu bildirilir.

Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumata əsasən, dünya üzrə 1 milyon 522 minə yaxın yoluxma və 88 min 655 ölüm faktı qeydə alınıb.

Xəbər lenti