Xəzər Xəbər

Baş Prokurorluq ƏƏSMN ilə birgə aztəminatlı ailələrə ərzaq yardımı etdi

Gündəm | 16:41 • 8 Aprel 2020
Baş Prokurorluq ƏƏSMN ilə birgə aztəminatlı ailələrə ərzaq yardımı etdi

"Prezident İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq prokurorluq əməkdaşları da sosial həmrəylik nümayiş etdirirlər”.

Bu barədə Respublika Baş Prokurorluğu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimionların sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar edilib.

Baş Prokurorluğun əməkdaşları müvafiq şəhər, rayon prokurorluqları və sosial müdafiə qurumlarının nümayəndələri ilə birgə Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı və Qaradağ rayonları, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində və Abşeron rayonunda yaşayan 1000 aztəminatlı ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər.

Prokurorluq əməkdaşları, eyni zamanda, həmin insanların səhhəti ilə maraqlanıb, onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə də məlumat veriblər.

Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləridövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.

Xəbər lenti