Xəzər Xəbər

1200-ə yaxın məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq VİDEO

Veb TV | 20:37 • 17 Fevral 2020
1200-ə yaxın məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq

Paytaxda yerləşən 2 universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlərə bu ilin aprel ayında yeni mənzillər veriləcək. Onlar Qaradağ rayonu ərazisində yerləşən ''Qobu park-3'' yaşayış kompleksinə köçürüləcək. Bəs bu il ərzində nəqədər məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq? Məsələyə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi münasibət bildirib.

Bakıda 2 universitetin yataqxanasında yaşayan təxminən 1200-ə yaxın məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevin sözlərinə görə, köçürülmə komitədə hazırlanan "Yol Xəritəsi"nə əsasən həyata keçiriləcək.

İbrahim Mirzəyev bildirdi ki, "Yol Xəritəsi"nə əsasən, yataqxanalar, sanatoriya, uşaq bağçası, məktəb, poliklinika binaları və yarımçıq tikililərdə yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi 2024-cü ilə qədər başa çatacaq.

Qeyd edək ki,bu il ərzində təxminən 7 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.

Xəbər lenti