Xəzər Xəbər

Azərbaycan təşkilata sədrliyi dövründə bu məsələlərə xüsusi önəm verəcək - Məmmədyarov

Gündəm | 11:00 • 23 Oktyabr 2019
Azərbaycan təşkilata sədrliyi dövründə bu məsələlərə xüsusi önəm verəcək - Məmmədyarov

"Azərbaycan bu ildən etibarən 3 il müddətinə Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür. Belə ki, sammitdə Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçdi. Mən son 3 ildə uğurlu sədrliyə görə Venesuela hökumətinə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, ölkəmiz sədrliyi dövründə qurumun dəstəklədiyi prinsiplərin – Bandunq prinsiplərinin həyata keçirilməsini təşviq edəcək".

XəzərXəbər xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Xarici İşlər Nazirləri Şurasının iclasının açılış mərasimində çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, Qoşulmama Hərəkatı yarandığı 1961-ci ildən bu günədək dünyada sülh və təhlükəsizliyin təminatında fundamental rol oynamaqdadır. Hazırkı beynəlxalq geosiyasi situasiyada qurumun qarşısında vacib vəzifələr var.

E.Məmmədyarov bildirib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra üzv ölkələrin sayına görə dünyada ikinci qurumdur.

Nazir əlavə edib ki, Azərbaycan heç bir hərbi blokda iştirak etməyən ölkədir.

XİN başçısı qeyd edib ki, rəsmi Bakının sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri arasında əməkdaşlığa xüsusi önəm veriləcək: "İlk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti keçiriləcək. Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf erməkdə olan ölkələrdir. Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

E.Məmmədyarov xatırladıb ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı davam edir. Bu isə ümumilikdə regional təhlükəsizliyə təhdiddir.

O, həmçinin qeyd edib ki, münaqişə başlayandan hərbi əməliyyatlar yalnız Azərbaycan ərazisində həyata keçirilib: "Bundan isə dinc insanlar əziyyət çəkib və infrastruktur dağıdılıb. Nəticədə, bir milyondan çox insan öz doğma torpaqlarını tərk etməli olub. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri üçün Qoşulmama Hərəkatına təşəkkür edirəm”.

Daha sonra Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

Xəbər lenti