Sənaye məhəllələrinin fəaliyyəti genişləndirilir - VİDEO

20.09.2020 22:32

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin, iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsini, o cümlədən də istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutur. Sənaye parklarının yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafını təmin etməklə ölkə iqtisadiyyatının ixrac qabiliyyətini, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalını artırır. Bu sahənin inkişafı həm də ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir.

 

 

 

Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsi də məhz sənayeləşmədir. Tələbatın ödənməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılması qarşıya qoyulan hədəflərdəndir.

 

 

Bütün bu məqsədlər üçün Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Mingəçevir sənaye parkları və əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Pirallahı Sənaye Parkı yaradılıb. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada da görmək olar. Hazırda Sumqayıt Kimya Sənaye Parkında müsbət dinamika mövcuddur.

 

 

2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

 

 

 

Alınan nəticələr deməyə əsas verir ki, sənaye parklarının yaradılması öz səmərəliliyini göstərir. Ümumiyyətlə, ölkə iqtisadiyyatında sənayeləşmənin intensiv həyata keçirilməsi zəruri addımdır. Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin və gərginliyin müşahidə edildiyi bir vaxtda milli iqtisadiyyatımızın dayanıqlığının qorunması üçün yerli istehsalın inkişafı vacibdir. Sənayeləşmə iqtisadi inkişafla yanaşı, sosial rifaha da xidmət edir. Çünki yeni iş yerlərinin yaradılması əhalinin sosial rifahinin yüksəlməsi deməkdir.

 

 

 

Dövlət başçısının İqtisadi Şura qarşısında qoyduğu hədəflərdən biri də iqtisadi gücün daha da artırılmasına, yaxın 10 il ərzində ölkə iqtisadiyyatının 2 dəfə böyüməsinə nail olmaqdır. Bu hədəfin reallaşdırılmasının əsas şərtlərindən biri də ölkədə investisiya artımı və sənayeləşmə prosesidir ki, bu prosesin intensivləşməsi milli iqtisadiyyatımızın rəqabət üstünlüklərinin formalaşmasına şərait yaradacaq.

 

 

İstər sənaye parklarında, istərsə də sənaye məhəllələrində sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb. Hazırda ölkədə fəaliyyət göstərən Neftçala, Masallı, Hacıqabul, o cümlədən də Sabirabad sənaye məhəlləsində kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə rezidentlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir.

 

 

 

Beləliklə, Azərbaycan iqtisadiyyatının güclənməsində mühüm rol oynayan sənaye kompleksləri həm yeni iş yerlərinin açılmasında, həm də istehsal sahələrinin genişləndirilməsində, həmçinin dünya ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə xüsusi stimul verir.


© xezerxeber.az

FOTOQALERIYA






269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR