Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənistan yeni müharibəyə hazırlaşır - VİDEO

20.09.2020 21:56

Ermənistan yeni ərazilər işğal etmək üçün müharibəyə hazırlaşır. Dövlət başçısının jurnalistlərə son müsahibəsində diqqət çəkdiyi bu məsələ gündəmin bir nömrəli müzakirə mövzusuna çevrilib. Millət vəkilləri Ermənistanın təcavüzkar siyasətinin onun sonu olacağını bildirirlər. Əgər Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozursa, onda Azərbaycan təcavüzkara cəza vermək üçün hansısa normanı gözləmək məcburiyyətində deyil.


Ermənistan iyul ayında Tovuzda olduğu kimi yenə hərbi təxribatlara hazırlaşır. Dövlət başçısının dünən jurnalistlərə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən əsas diqqət çəkdiyi məsələ bu idi. Ermənistanın bu təxribatçı davranışı isə həm həmsədrlərin, həm də bütün dünyanın gözü qarşısında baş verir. İlk olaraq Paşinyanın Qarabağ Ermənistandır ifadəsi ilə danışıqlar prosesini dayandırması, daha sonra danışıqlarda tərəf kimi işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin iştirakında təkid etməsi, bunun ardınca isə Tovuzda iyul ayında törədilən təxribat və son olaraq ön xəttə ordu, eləcə havadarlarından aldığı silahları yerləşdirməsi hər kəsə bəlli olan danılmaz faktlardır.


Prezidentin vurğuladığı kimi bütün bu proseslərdə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini gözlədi. Ancaq əgər Ermənistan nəinki beynəlxalq hüquqa hörmət etmək, üstəlik pozduğu maddələrə yenilərini əlavə etmək üçün çalışırsa, onda Azərbaycan təcavüzkarın dərsini vermək üçün niyə hansısa hüququ normanı gözləməlidir ki ? Məsələyə münasibət bildirən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Ermənistanın yeni münaqişəyə hazırlaşmasını qəti şəkildə pisləyib.



Tural Gəncəliyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasının başlıca səbəbi Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakar, yalançı və ikiüzlü olmalarıdır. Millət vəkilinin sözlərinə görə Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki rəhbərlərin münaqişə ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma ilə bağlı verdiyi mesajlar, təkcə Azərbaycanda yox, münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. ''Biz çox keçmədi ki, bunun əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəlləyişin olmaması, cəbhə xəttində başverən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi''-deyə Tural Gəncəliyev vurğulayıb.


Məsələni şərh edən digər millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, Azərbaycan Ermənistanın cəzasızlıqdan doğan azğınlığına yetərincə səbr göstərib və indi mövqeni dəyişməyin vaxtıdır.


Millət vəkili Sahib Alıyev isə qeyd edir ki, Ermənistan yeni müharibəyə hazırlaşır və bu məqamda Azərbaycanın qonşularının hansı tərəfdə olması da artıq məlumdur. Bu mənada iyul ayında Tovuzda baş verən hadisələr bir növ Azərbaycan üçün dostu-düşməni tanımaq üçün fürsət oldu. Sahib Alıyev Türkiyənin və Gürcüstanın Azərbaycanın haqq işini müdafiə etdiyini , ancaq bəzi müsəlman ölkələrinin islam düşmənlərinə dəstəyinin anlaşılmaz olduğuna diqqət çəkib.


Onu qeyd edək ki, dövlət başçısı Ermənistanın yeni ərazilər işğal etmək üçün müharibəyə hazırlaşdığını və bununla bağlı dəqiq kəşfiyyat məlumatlarının olduğunu bildirib. Prezident "Əgər Ermənistan yeni dərs almaq istəyirsə biz buna hazırıq" deməklə Azərbaycan ordusunun düşmənə layiqli cavab verməyə hər an hazır olduğunu vurğulayıb.

© xezerxeber.az

FOTOQALERIYA






443 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR