Hökumətdən 13 və 14-cü maaş, təqaüd tələbi - Parlament qarşısında...

18.02.2020 18:21

Yunanıstanda hökumətin sosial təhlükəsizlik qanunu ilə bağlı hazırladığı qanun layihəsi kütləvi etirazlara səbəb olub.

İctimai sektorda çalışan işçilər 24 saatlıq tətil elan edib.

Yunanıstan İctimai İşçilər Konfederasiyası (ADEDY), Mübarizəçi İşçilər Cəbhəsi (PAME) və Afina İşçi Mərkəzinin (EKA) çağırışı ilə saat 06:00-da başlayan tətilə yerli idarəetmə orqanlarının işçiləri, jurnalistlər, dövlət xəstəxanalarının əməkdaşları, dəmir yolları və liman işçiləri qatılıb.

Tətil çərçivəsində dövlət dairələrində və bəzi bələdiyyə xidmətlərində axsaqlıq yaşanıb. Xəbər üstünlüklü internet saytları informasiya paylaşmayıb, özəl və dövlət televiziya kanallarında xəbərlər buraxılışı verilməyib.

Şəhərlərarası qatar səfərləri ləğv edilib. Adalar arasında səfərlər gerçəkləşdirən bəzi gəmilər limanda bağlı qalıb. İctimai nəqliyyat sektoru günün müəyyən saatlarında işini dayandırıb.

Paytaxt Afinada etiraz aksiyaları keçirilib. Etirazçılar parlamentin yerləşdiyi Sintaqma meydanına qədər yürüş edib.

Qeyd edək ki, Yunanıstan hökuməti "Sığorta islahatı və Milli Sosial Təhlükəsizlik Qurumunun rəqəmsal çevrilişi” adlı qanun layihəsini ötən gün parlamentə təqdim edib. Layihədə sığorta xərclərinin artırılması və əmək təqaüdlərinin inflyasiyaya görə tənzimlənməsini ehtiva edən maddələr yer alıb.

Qanuna etiraz edən məmur və işçilər maliyyə böhranı illərində referendumlar çərçivəsində sosial sığorta qurumlarına gətirilən məhdudlaşmaların götürülməsini, bütün təqaüdlərin dövlət nəzarətinə götürülməsini istəyirlər. Əlavə olaraq, təqaüdçülərə və işçilərə ilin sonunda verilən 13 və 14-cü maaş ənənəsinin yenidən tətbiqini tələb edirlər.

publika.az

© xezerxeber.az


263 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR