Kirayədə qalıb həmin mənzili almaq ilə bağlı suallarınıza cavablar

19.01.2020 11:53

1. HANSI YAŞAYIŞ SAHƏLƏRİNİ FONDUN XƏTTİ İLƏ KİRAYƏ GÖTÜRMƏK OLAR?

2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar.

2. KİRAYƏÇİ KİMDİR?

Kirayəçi Fondla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlamış şəxsdir. Kirayə müqaviləsi bağladıqdan sonra aylıq ödənişin minimum 12 mislini qabaqcadan ödəyən kirayəçi Fond tərəfindən təqdim edilən müvafiq yaşayış sahəsində kirayə qalmaq hüququ qazanır.

3 FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏYƏ VERDİYİ YAŞAYIŞ SAHƏSİNİ HANSI QAYDADA MÜLKİYYƏTİMƏ KEÇİRƏ BİLƏRƏM?

Əvvəlcədən müəyyən edilmiş şərtlərə və tələblərə uyğun olan vətəndaşla Fond arasında satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılır və həmin müqavilə üzrə kirayəçi öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirərsə, kirayə qaldığı yaşayış sahəsi yekunda müfaviq sənədləşmə işləri aparılmaqla kirayəçinin mülkiyyətinə keçir.

Misal: Siz Fond ilə 15 il müddətinə kirayə müqaviləsi bağlayırsız. Kirayə verilən yaşayış sahəsinin alış qiyməti 100 000 manat təşkil edir. Qabaqcadan aylıq ödənişin 12 mislini (100 000 manat alış qiyməti) / 180 ay = aylıq ödəniş 555,55 manat * 12 ay qabaqcadan ödəniş = 6666,67 manat) ödədikdən sonra sizin 14 il ərzində hər ay 555,55 manat (100 000 manat alış qiyməti – 6666,67 manat 12 ay qabaqcadan ödəniş = 93333,33 manat qalıq borc / 168 ay = 555,55 manat aylıq ödəniş) ödəniş etmək öhdəliyiniz qalır. Alış qiymətinin qalıq hissəsinin tam məbləğini ödədiyinizdən sonra Fond Sizə kirayə götürülmüş yaşayış sahəsinin mülkiyyətinizə keçirilməsi üçün qeydiyyat orqanına təqdim edilməsi məqsədilə müvafiq sənədləri təqdim edir.

4. SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ MÜQAVİLƏSİ NƏDİR?

Kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanılan müqavilədir.

5. FOND TƏRƏFİNDƏN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏYƏ VERİLƏN YAŞAYIŞ SAHƏSİNİN ALIŞ QİYMƏTİ DEYİLDİKDƏ NƏ BAŞA DÜŞÜLÜR?

Kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmi (bu qiymət yaşayış sahəsini Fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı çəkilmiş digər xərclərdən, Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalardan, yaşayış sahəsinin Fond tərəfindən saxlanması, sığortalanması və idarə edilməsi ilə bağlı bütün xərclərdən formalaşır).

6.SATMAQ ÖHDƏLİYİ İLƏ YAŞAYIŞ SAHƏLƏRİNİN KİRAYƏYƏ VERİLMƏSİ NƏ ÜÇÜN LAZIMDIR?

Şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka kreditinin tələblərini qarşılamağa imkanı olmayan insanları yaşayış sahəsini əldə etmək və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir.

MİSAL: Ailə alış qiyməti 120 000 manat olan yaşayış sahəsi almaq istəyir. Lakin şəxsi vəsaiti buna kifayət etmir. Bu halda ailə 25 il müddətinə gələcəkdə mülkiyyətə keçməsi məqsədilə yaşayış sahəsini kirayə götürə bilər və bunun üçün cəmi 12 aylıq ödənişi qabaqcadan Fondun hesabına ödəməlidir. Aylıq ödəniş mənzilin alış qiymətinin kirayə müqaviləsi müddətindəki ayların sayına nisbətində müəyyən edilir. Bunun üçün ailə hər ay 400 manat (120 000 manat / 300 ay = 400 manat aylıq ödəniş) ödəmək şərtilə, ilkin olaraq 4800 manat (12 ay * 400 manat aylıq ödəniş) ödəyir.

7. MƏN FONDUN XƏTTİ İLƏ KİRAYƏ MƏNZİL ƏLDƏ ETMƏK ÜÇÜN İLK NÖVBƏDƏ HARA MÜRACİƏT ETMƏLİYƏM VƏ HANSI TƏDBİRLƏRİ GÖRMƏLİYƏM?

Siz kirayə mənzillər ilə bağlı şərtləri məqbul saydığınız təqdirdə, gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza) əldə edirsiniz və onun vasitəsilə Fondun elektron sistemində elektron kabinet yaradırsınız. Müəyyənləşdirilmiş şərtlərə və tələblərə uyğun gəldiyinizdə, müvafiq məlumatları daxil edərək elektron kabinetdə ərizə-anketi doldurursunuz. Sizə görüş təyin edilir və həmin görüşə gəlib müvafiq sənədləri təqdim etməyinizlə müraciətiniz qəbul olunmuş sayılır.

8.HANSI KATEQORİYA ŞƏXSLƏR ÜÇÜN GÜZƏŞTLİ ŞƏRTLƏR NƏZƏRDƏ TUTULUB?

Kirayə mənzil mexanizmi müvafiq tələblərə uyğun hər bir Azəraycan Respublikasının vətəndaşına eyni qaydada şamil edilir.

9.MƏNİM GƏLİRLƏRİMİ RƏSMİ TƏSDİQ EDƏCƏK İŞ YERİM YOXDUR, LAKİN SAHİBKARLIQ FƏALİYYƏTİM İLƏ ƏLAQƏDAR GƏLİRİM KİFAYƏT QƏDƏRDİR. MƏN KİRAYƏ MƏNZİL GÖTÜRƏ BİLƏRƏMMİ?

Müraciətinizə baxıldığı zaman yalnız vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmış sahibkarlıq fəaliyyətindən gələn gəlirlər nəzərə alınacaqdır.

10.MƏN AYLIQ ÖDƏNİŞDƏN BAŞQA ƏLAVƏ ÖDƏNİŞ EDƏ BİLƏRƏM?

Bəli, avans ödənişlər və yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişlərini edə bilərsiniz:

1) Yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişi, məbləği ən azı aylıq ödənişin məbləğinə bərabər olmaqla, edirsiniz və ödənişin hansı məqsədlə edilməsinə dair seçiminizi edirsiniz - kirayə müddəti saxlanılmaqla aylıq ödəniş məbləğinin azaldılması və ya aylıq ödəniş məbləği saxlanılmaqla kirayə müddətinin qısaldılması. Etdiyiniz ödənişdən və seçiminizdən asılı olaraq ayın 1- 5 tarixləri ərzində ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada güzəşt tətbiq ediləcəkdir və yeni ödəniş cədvəli tərtib edilərək Sizə təqdim ediləcəkdir.

2) Avans olaraq aylıq ödənişdən artıq ödəniş etdiyinizdə avans məbləği ödəniş cədvəlinə uyğun olaraq növbəti ödəniş vaxtları çatdıqda aylıq ödənişə yönəldilir.

11. KİRAYƏ ALA BİLƏCƏYİM YAŞAYIŞ SAHƏSİNİN MAKSİMAL ALIŞ QİYMƏTİ NƏ QƏDƏR OLA BİLƏR?

Fondun şərtlərinə və tələblərinə əsasən Sizin kirayə müqaviləsi üzrə aylıq ödənişinizin maksimal məbləği kredit tarixçənizin, gəlirlərinizin və xərclərinizin təhlili əsasında müəyyən edilir (müsbət, qənaətbəxş və ya mənfi kredit tarixçəsi ola bilər). Gəlirlər və xərclər arasında hesablanan fərq nəticəsində yaranan xalis gəlirin məbləğinin əvvəlcədən müəyyən olunmuş 100 faiz həddində aylıq ödənişin maksimal məbləği müəyyən edilir və buna uyğun olaraq Sizə müvafiq alış qiyməti ilə yaşayış sahəsini seçmək imkanı verilir.

12. FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ VERDİYİ YAŞAYIŞ SAHƏLƏRİNİ KİMLƏR ƏLDƏ EDƏ BİLƏRLƏR?

Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, məhkumluğu olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətlərində olmayan rəsmi gəlirlərə malik Azərbaycan Respublikasının vətəndaşları bu hüquqdan istifadə edə bilər.

13. MƏN FONDUN XƏTTİ İLƏ KİRAYƏ MƏNZİL ƏLDƏ ETMƏK ÜÇÜN İLK NÖVBƏDƏ HARA MÜRACİƏT ETMƏLİYƏM VƏ HANSI TƏDBİRLƏRİ GÖRMƏLİYƏM?

Əgər Siz kirayə mənzil ilə bağlı şərtləri məqbul sayırsızsa, gücləndirilmiş elektron imza (e-imza və ya ASAN imza) sertifikatı alırsız. Həmin gücləndirilmiş elektron imza ilə Fondun elektron sistemində elektron kabinet yaradırsız. Elektron kabinetdə ərizə-anketi doldurarkən müvafiq məlumatları daxil edirsiniz. Siz müəyyənləşdirilmiş şərtlərə və tələblərə uyğun olarsızsa, sizin elektron kabinetinizə bu barədə məlumat gəlir və ona uyğun mənzili seçmək hüququ verilir. Siz yaşayış sahəsinin seçimini etdiyinizdən sonra elektron kabinetinizə elektron bildiriş göndərilir və kirayə müqaviləsinin bağlanılması üçün ASAN xidmətə yönəldilirsiniz.

14. HANSI HALDA MƏN KİRAYƏ MÜQAVİLƏSİ ÜZRƏ HÜQUQ VƏ VƏZİFƏLƏRİMİ BAŞQA ŞƏXSƏ ÖTÜRƏ BİLƏRƏM?

İlk 3 il ərzində aylıq ödənişi vaxtında ödəmisinizsə və sonradan ödəmə qabiliyyətiniz azalıbsa, yaxud da hər hansı digər səbəbdən kirayə müqaviləsinə xitam vermək məcburiyyəti yaranıbsa, Siz özünüzün yeni kirayəçi ilə əvəz olunmanız barədə Fonda müraciət edə bilərsiniz. Bu zaman Fond Sizin təklif etdiyiniz namizədin mövcud prosedurlara uyğun olaraq qiymətləndirilməsini aparır və əgər namizəd şərtlərə və tələblərə cavab verirsə, onda Sizinlə kirayə müqaviləsinə xitam verilir və yeni kirayəçi ilə Sizin istifadə etdiyiniz yaşayış sahəsinə dair müqavilə rəsmiləşdirilir. Tərəfinizdən ödənilmiş vəsaitin kompensasiya edilməsi barədə məsələ Sizinlə yeni kirayəçi arasında həll edilir.

15. ƏGƏR KİRAYƏ MÜQAVİLƏSİNƏ MƏNİM HƏRƏKƏT VƏ YA HƏRƏKƏTSİZLİYİM NƏTİCƏSİNDƏ XİTAM VERİLƏRSƏ MƏN ÖDƏDİYİM HANSI MƏBLƏĞİ GERİ ALA BİLƏRƏM?

Tərəfinizdən Fonda ödənilmiş aylıq ödənişlər (qabaqcadan ödənilmiş ən azı 12 aylıq ödəniş də daxil olmaqla) Fondun gəliri hesab olunur və geri qaytarılmır.

16.FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ VERDİYİ YAŞAYIŞ SAHƏSİ HANSI KOMMUNAL XİDMƏTLƏRLƏ TƏMİN EDİLİR?

Fondun xətti ilə kirayə götürüləcək yaşayış sahələri işıq, qaz və su ilə təmin edilir, həmçinin normal yaşam standartlarına uyğun olaraq təmir olunur.

17.FOND SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ MÜQAVİLƏSİNƏ HANSI HALDA VAXTINDAN ƏVVƏL BİRTƏRƏFLİ QAYDADA XİTAM VERƏ BİLƏR?

Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə;

Kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;

Yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür);

Kirayəçi yaşayış sahəsini Fondun icazəsi olmadan üçüncü şəxsin istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.

18.MƏN KİRAYƏ MÜQAVİLƏSİ ÜZRƏ 3 İLDƏN SONRA YAŞAYIŞ SAHƏSİNİN DƏYƏRİNİ BİRDƏFƏYƏ ÖDƏMƏK İSTƏSƏM HƏR HANSI GÜZƏŞT TƏTBİQ EDİLİRMİ?

Əgər Siz kirayə müqaviləsi bağlanıldıqdan 3 il sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə bağlamaq istəsəniz, bu zaman Fond tərəfindən Sizə qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə satmaq öhdəliyi ilə kirayə müqaviləsində aydın məlumat təqdim edilir.

19.MƏN VƏ AİLƏ ÜZVLƏRİM FONDUN XƏTTİ İLƏ KİRAYƏ GÖTÜRDÜYÜMÜZ YAŞAYIŞ SAHƏSİNDƏ YAŞAYIŞ YERİ ÜZRƏ QEYDİYYATA ALINA BİLƏRİKMİ?

Bəli. Satmaq öhdəliyi ilə kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onun ailə üzvləri (yaşayış sahəsində Kirayəçi ilə birlikdə yaşayan Kirayəçinin arvadı (əri), habelə onların uşaqları və valideynləri, habelə yaşayış sahəsinə köçürüldükdə digər qohumlar (Kirayəçinin və ya onun arvadının (ərinin) qardaş və bacısı, baba və nənəsi, o cümlədən Kirayəçinin qəyyumluğunda olanlar və ya onun himayəsində olan şəxslər)) Fondun razılığı ilə kirayə mənzildə yaşayış yeri üzrə qeydiyyata alına bilərlər.

marja.az

© xezerxeber.az


405 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR