Bakıda Qoşulmama Hərəkatının sammitində dörd sənəd qəbul olunacaq

22.10.2019 13:53

Xarici İşlər Nazirliyində Qoşulmama Hərəkatının (QH) oktyabrın 25-26-da Bakıda keçiriləcək dövlət və hökumət başçılarının XVIII sammiti ilə bağlı mətbuat konfransı keçirilib.

XəzərXəbər xəbər verir ki, mətbuat konfransı sammitlə bağlı ətraflı məlumatların verilməsi, o cümlədən mətbuat tərəfindən tədbirin işıqlandırılması məqsədilə keçirilib.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Azərbaycan artıq oktyabr ayı ərzində ikinci zirvə görüşünə ev sahibliyi edir. Birinci zirvə görüşü isə Türk Şurasının sammiti olub.

R.Həsənov qeyd edib ki, Azərbaycan 2011-ci ildən QH-nın üzvüdür: "Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayan beynəlxalq platformadır. BMT-dən sonra üzvlərinin sayına görə dünyada ən böyük təsisatdır. Dünyada sülhün, tərəqqinin təmin olunmasına töhfə vermək məqsədi daşıyır. Təşkilata üzvlük müxtəlif ölkələrlə əməkdaşlığın güclənməsinə imkan yaradır. Azərbaycan bu təşkilatda qısa zamanda böyük nüfuz qazanıb. 2016-cı ildə Venesuelanın Marqarita adasında keçirilən XVII sammitdə növbəti zirvə görüşünün Bakıda keçirilməsinə dair qərar qəbul edilib”.

R.Həsənovun sözlərinə görə, bu günədək 158 dövlət və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakı sammtində iştiraklarını təsdiqləyib: "Onlardan 60-a yaxını dövlət və hökumət başçılarıdır. Tədbir 3 seqmentdən ibarət olacaq. Birinci seqment oktyabrın 21-22-də keçirilən, yəni, artıq başlayan yüksək səviyyəli məmurların görüşüdür. Oktyabrın 23-24-də xarici işlər nazirlərinin görüşü keçiriləcək. Oktyabrın 25-26-da isə dövlət və hökumət başçılarının sammiti olacaq”.

R.Həsənov qeyd edib ki, Bakı sammitində 4 yekun sənədin imzalanması gözlənilir: "Bunlar Bakı Zirvə Görüşünün yekun sənədi, Bakı siyasi Bəyannaməsi, Ev sahibiliyi edən dövlətə Təşəkkür Bəyannaməsi və nəhayət, Fələstin üzrə Nazirlərin Bəyannməsidir. İlk 3 sənədin mətninə Dağlıq Qarabağ münaqişəsi və xarici siyasətimizin prioritetinə sair bəndlər daxil edilib”.

Nazir müavini qeyd edib ki, iclasda QH-na sədrlik Venesueladan Azərbaycana keçəcək: "Bununla da 3 il müddətinə hərəkata sədrliyi Azərbaycan Prezidenti edəcək”.

R.Həsənov onu da bildirb ki, tədbirin işıqlandırılması üçün indiyədək 246 nəfər jurnalist qeydiyyatdan keçib.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR