Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri Sankt-Peterburqda görüş keçiriblər

08.06.2019 16:39

Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çəçivəsində görüş keçiriblər.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin görüşdə çıxış edərək Azərbaycan ilə ölkəsi arasında iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə edib. Bildirib ki, iki ölkə arasında ticarət və xidmətlər dövriyyəsi, qarşılıqlı pul köçürmələri sahəsində artım müşahidə olunur.

Nazir iqtisadi sahədə əməkdaşlıqda bir çox maneələrin aradan qaldırıldığını vurğulayaraq qeyd edib ki, hazırda daha mürəkkəb layihələr, o cümlədən məhsulların üçüncü ölkələrə birgə ixracı və digər məsələlər üzərində iş aparılır: "Bütün bunlar əlaqələrin genişlənməsinə, ən əsası isə yeni iş yerlərinin açılmasına kömək edəcək”.

M.Oreşkinin sözlərinə görə, hazırda Rusiya bazarında Türkiyə və Çin məhsulları üstünlük təşkil edir. Nazir bunu Azərbaycan biznesinin bəzi imkanları əldən verməsi ilə əlaqələndirib. O, Azərbaycandan ərzaq mallarının Rusiyaya ixracının artırılmasının vacibliyini vurğulayaraq, Rusiya bazarının tələbat həcmi barədə uzunmüddətli informasiyaların Azərbaycan tərəfinə veriləcəyini qeyd edib.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev isə qeyd edib ki, ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi təxminən 19 faiz, cari ilin ilk rübündə isə 23 faiz artıb. Nazir bu göstəricinin daha da artması üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb: "Azərbaycan isə öz tərəfindən məhsulların istehsalı, emalı və çatdırılmasına dair öhdəlikləri vaxtında yerinə yetirməyi üzərinə götürür”.

Ş.Mustafayev Azərbaycanla Rusiyanın 2 sərhəd keçid məntəqəsinin infrastrukturunun yenilənəcəyini, məhsulların keçid prosedurunun asanlaşdırılacağı barədə danışaraq bildirib ki, gömrük orqanları ilə məhsulların ixracı üçün lazım olan sertifikatların elektron formada verilməsi barədə razılıq əldə ediləcəyi gözlənilir. O, gələn həftə rusiyalı həmkarı ilə Dağıstanda daha bir görüş keçirəcəyini də diqqətə çatdırıb.

Nazir Şimal-Cənub Nəqliyyat Dəhlizinin artıq faliyyət göstərdiyini və bu dəhliz vasitəsilə məhsulların Azərbaycan ərazisindən İrana daşındığını qeyd edib. O, bu ilin iyulunda Yekaterinburqda keçiriləcək "Innoprom” sərgisində Azərbaycanın neft maşınqayırması sahəsində məhsullarının nümayiş etdiriləcəyini vurğulayıb.

Görüşdə Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Rusiya Prezidentinin sahibkarların hüquqları üzrə səlahiyətli nümayəndəsi Boris Titov, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Rusiya- Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik və başqaları Azərbaycan-Rusiya işgüzar əlaqələrindən danışıblar. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR