İngiltərə futbolunun əfsanəsi: "Bakı çox inkişaf edib, gözəlləşib, müasirləşib" - MÜSAHİBƏ

25.05.2019 15:15

Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı ölkəmizdə səfərdə olan əfsanəvi futbolçu Maykl Ouen ONA-nın suallarını cavablandırıb. Bakı Olimpiya stadionunda "Çelsi" və "Arsenal" klubları arasında keçiriləcək həlledici oyunla əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İngiltərə millisinin və "Liverpul"un sabiq ulduzu paytaxtımız barədə xoş sözlər deyib, Avropa Liqasınınşanslısının adını açıqlayıb.

- Mən daha əvvəl də Bakıda olmuşam, Azərbaycan milli komandasına qarşı İngiltərə millisinin heyətində çıxış etmişəm və qol vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib, müasirləşib.

- Mayın 29-da Bakıda Avropa Liqasının qalibi müəyyənləşəcək. Finalında hansı komandanı şanslı sayırsınız?


- Hər ikisi ingilis komandasıdır. Çoxlu ingilis fanatlar bu gözəl ölkəyə səfər edəcək və xoş təəssüratlar yaşayacaqlar. Komandaların gücü bir-birinə yaxındır, ona görə də nəsə demək çətindir. "Çelsi" qələbəyə bir az daha yaxındır. Fikrimcə, yaxşı oyun alınacaq.

- Sevimli komandanızın adını açıqlaya bilərsiz?


- Əlbəttə ki, mənim sevimli komandam "Liverpul"dur. Onlar bu il də Çempionlar Liqasının finalında iştirak edəcəklər. Mən orada uzun illər çıxış etmişəm. İstəyirəm ki, finalda qalib gəlsinlər.

- Avropa Liqasının final matçını harada izləyəcəksiniz?


- İşlərimlə bağlı Madridə gedəcəyəm və növbəti həftə orada olacağam. Avropa Liqasının finalını televizordan izləyəcəyəm.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR