Dahi dramaturq Cəfər Cabbarlıdan Xızıda qalan yadigar - FOTO

12.01.2019 16:52

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının Xızıda fəalliyyət göstərən ev-muzeyində 520 eksponat saxlanılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1899-cu il martın 20-də dünyaya göz açan Cəfər Cabbarlı 2 yaşına kimi bu evdə yaşayıb.

Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başalyıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

Burada qorunan ekspanatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar təşkil edir. Muzeydə yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri nümayiş olunur.

Muzeyin bələdçisi Rəsmiyyə Kərimova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, hər il yüzlərlə insan ev-muzeyi ziyarət edərək Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı eksponatlarla tanış olur. Ziyarətçilər arasında Xızıya qonaq gələn ədəbiyytasevər turistlər və məktəblilər üstünlük təşkil edir. Muzeydə ən diqqətçəkən eksponatlardan biri Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyalarıdır. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.

"Prezident İlham Əliyevin böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 dekabr tarixli Sərəncamını böyük sevinclə qarşıladıq. Bu il görkəmli ədibimizin yubileyi ilə bağlı muzeydə və rayondakı ümumtəhsil məktəblərində silsilə tədbirlər keçiriləcək. Bununla yanaşı, muzey ekspozisiyalarının bədii tərtibatının yenilənməsi, müxtəlif mövzularda sərgilərin təşkili də nəzərdə tutulub”, - deyə Rəsmiyyə Kərimova vurğulayıb.

1999-cu ildə Cəfər Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar muzeydə yenidənqurma işləri aparılıb, ətrafına qoruyucu şüşəbənd çəkilib. Həmin il Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.

Ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlayan Cəfər Cabbarlı sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirib, görkəmli dramaturq və teatr xadimi kimi şöhrət qazanıb.

© xezerxeber.az

FOTOQALERIYA






272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR