Bakıda DƏHŞƏT: İçərisində sərnişinlər olan avtobus yandı

11.02.2018 13:46

173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TF 379 Dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub.

Bakı Nəqliyyat Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib.

Bildirilib ki, 173 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC tərəfindən göstərilir. İstehsalat bazasına malik olmasına baxmayaraq müəssisənin nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri, gündəlik texniki baxışla bağlı məsələlər düzgün yerinə yetirilmir. Qeyd edilən nöqsanlarla xüsusən də avtobuslarının texniki baxımdan yararsız olması ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-yə xəbərdarlıqlar edib.

Sərnişindaşıma fəaliyyətinə səhlənkar münasibət sərnişinləri də ciddi narahat edir və gün ərzində 141 Çağrı Mərkəzinə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin istismarında olan marşrut xətləri üzrə çoxsaylı şikayətlər daxil olur. Bu səbəbdən də son bir ildə bir neçə marşrut xəttinin istismarına dair bu müəssisə ilə imzalanan müqaviləyə xitam verilib. Buna baxmayaraq müəssisə tərəfindən avtobusların əsaslı təmir edilərək saz vəziyyətə gətirilməsi istiqamətində heç bir təsirli tədbir görülməyib.

Qeyd edilib ki, BNA-nın avtobusların yenilənməsi ilə bağlı tələbinə əsasən son bir ildə müxtəlif daşıyıcılar tərəfindən 800 ədəddən artıq avtobus təmir edilərək xəttə buraxılıb.

Bildirilir ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

© xezerxeber.az


571 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR