Xəzər Xəbər

Əhali işğaldan azad edilən ərazilərə nə vaxt qayıdacaq? VİDEO

Veb TV | 20:25 • 29 Noyabr 2020
Əhali işğaldan azad edilən ərazilərə nə vaxt qayıdacaq?

Tərtər Suqovuşan yolunun yenidən qurulması üçün əraziləri minaladan və partlamamış silah sursatdan təmizlənməsi tədbirləri davam etdirilir. ANAMA rəsmisi bildirib ki, 10 gündür təmizləmə işi 3 istiqamətdə əllə, mexaniki maşınlarla və minaaxtaran vasitəsilə həyata keçirilir. "XəzərXəbər"in əməkdaşları bu gün Suqovuşanda işlərin gedişi ilə tanış olublar.


Tərtər rayonunun Suqovuşan kəndinə gedən avtomobil yolunun yenidən qurulması üçün ərazilərin minaladan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri sürətlə aparılır. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, təmizləmə işləri 3 istiqamətdə - əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə həyata keçirilir.


Sözügedən on kilometrlik yolun 8 kilometri artıq təmizlənib. Növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsi təmizlənərək təhvil veriləcək. ANAMA rəsimisi bildirdi ki, ümumiyyətlə, sentyabrın 27-dən Agentlik tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500-ə yaxın piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilib. İdris İsmayılov bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətində nəzərdə tutulur.


Minalardan təmizlənməsi və infrastrukturun qurulması Suqovuşan kənd sakinlərinin də ürəyincədir. Onlar səbirsizliklə kəndlərinə qayıdıb yaşayacağı günü gözləyirlər.


Qeyd edək ki, Suqovuşan kəndinə yaxın olan Çaylı kəndində də düşmən ordusu yanğınlar törədib, daşı-daş üstündə qoymayıb. Bir məsələni də xatırladaq ki, işğaldan azad olunan, lakin mina və partlamamış hərbi sursatlardan təmizlənməmiş ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır. Dünən Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da işğaldan azad edilən rayonlarla bağlı əhaliyə xəbərdarlıq edərək, müvafiq icazə olmadan həmin bölgələrə səfər etməmələrini bildirib.


Xəbər lenti