Xəzər Xəbər

Bakıda polis postları yenidən bərpa edilir? - RƏSMİ CAVAB - VİDEO

Veb TV | 20:05 • 5 İyun 2020
 Bakıda polis postları yenidən bərpa edilir?  -

Şənbə və bazar günləri evdən çıxan şəxslər cərimə oluna və həbs edilə bilərlər.

Bunu ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilib. Həmin təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla, şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub.

Bu əmələ görə fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 1500-2000 manatadək, hüquqi şəxslər isə 2000-5000 manatadək cərimə oluna, hətta 30 sutkaya qədər həbs edilə bilərlər.

Kamran Əliyev onu da bildirib ki, şəhərdə əvvəlki kimi polis postları qurulmayacaq. Xidmətdə olan polis əməkdaşları şəhərə nəzarət edəcək və qadağaya əməl etməyənlərlə bağlı onlar tədbir görəcək. Bundan başqa, qadağanın tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna da polis kameralarla nəzarəti daha da artıracaq.

Şənbə və bazar günləri rayonlara gediş-gəlişə də icazə verilməyəcək. Şəhər daxilindəki karantin postlarının ləğv olunmasına baxmayaraq, inzibati ərazilərdəki giriş-çıxış postları 24 saat fəaliyyət göstərir. Paytaxtda qeydiyyatda olan şəxslər rayonlara gedə bilməzlər və digər rayon və şəhərlərdə yaşayan insanlar da Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gələ bilməzlər. Şöbə rəisi xəbərdarlıq edib ki, heç kəs şənbə və bazar günü rayona getməyə cəhd göstərməsin. Onsuz da onlar karantin postlarından buraxılmayacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti