Xəzər Xəbər

Metronun “Xocəsən” deposuna aparan tunellərdə qazıntı tamamlanıb - VİDEO

Veb TV | 20:55 • 10 Aprel 2020
Metronun “Xocəsən” deposuna aparan tunellərdə qazıntı tamamlanıb -

''Xocəsən'' deposuna aparan tunellərdə qazıntı işləri tamamlanıb.

''Bakı Metropoliteni'' Qapalı Səhimdar Cəmyyətindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, ''Avtovağzal'' stansiyasını şərti adı ''Xocəsən'' olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1182 metr olan ikinci tunelin qazıntısı yekunlaşıb. Qrumdan bildirilir ki, ''Xocəsən'' deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir.

Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir. Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısıanın alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb. İnşaat dövründə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunması da diqqətdən kənarda qalmayıb. Qeyd edilənləri nəzərə alaraq, tunellərin qazıntısı daim xüsusi diqqət mərkəzində olub, işlərə təcrübəsi və peşəkarlığı ilə seçilən inşaatçılar cəlb olunublar.

Bütün çətinliklərə, eləcə də tunelin mürəkkəb konfiqurasiyasına baxmayaraq, mütəxəssislərin hesablamaları dəqiq olub. Beləliklə, sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da tamamlanaraq, ən yüksək dəqiqliklə ''Avtovağzal'' stansiya tunelinə birləşdirilib.

Xatırladaq ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb. Bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır.İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar.Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.

''Xocəsən'' deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti