Xəzər Xəbər

Prezident İlham Əliyev daha bir humanist addım atdı VİDEO

Veb TV | 19:51 • 7 Aprel 2020
Prezident İlham Əliyev daha bir humanist addım atdı

Fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan prezident İlham Əliyev daha bir humanist addım atdı. Dövlət başçısının sərəncamı ilə məhkum edilmiş bir sıra şəxslər əfv olundu. Bu gün səhər saatlarından əfvin icrasına başlanıb. Bu humanist addım nəticəsində ümumilikdə 176 məhkum olmaqla 165 kişi və 11 qadın cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Tibbi maska və əlcəkdə ara məsafəsi saxlayaraq oturan bu yaşlı şəxslər həbsxanadan çıxacaqları anı gözləyirlər.

Görüntülər pentensir xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindəndir. Səhər saatlarından etibarən əfvin icrasına başlanıb.Xatırladaq ki, bu humanist addımın atılması koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.

Cəzaçəkmə müəssisəsinin rəisi əfv olunan şəxslərə azadlıqda diqqətli olmalarını və ölkə ərazisində xüsusi karantin rejmi qaydalarına əməl etməyi tövsiyə edib. Daha sonra əfv edilən şəxslər buraxılış vəsiqələrini alıblar.

İllərdir dörd divar arasında olan yaşlı şəxslər bu humanist addımı yüksək qiymətləndirirlər. 85 yaşlı Musa Musayev də ölkə başçısının bu sərəncamını yaşlı məhkumlara göstərilən diqqət kimi qəbul edir. Qeyd edək ki, 8 il azadlıqdan məhrum edilən Musa Musayev 4 il 6 ay həbsxana həyatı yaşayıb.

Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən isə 65 yaşı tamam olan 16 məhkum azadlığa buraxılıb. Onların arasında ən yaşlı məhkumun 76 yaşı var.Həmin şəxslərə əfv sərəncamının tətbiq olunması ilə bağlı sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva təqdim edib.

Səbinə Əliyeva əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlərin nəzərə alındığını bildirib.

Xatırladaq ki, ümumilikdə yaşı 65-i keçmiş 176 məhkum əfv edilib. Onlardan 165-i kişi, 11-i isə qadındır.

Xəbər lenti