Xəzər Xəbər

Azərbaycan böhrandan çıxmaq üçün bütün tədbirləri görür VİDEO

Veb TV | 19:41 • 7 Aprel 2020
Azərbaycan böhrandan çıxmaq üçün bütün tədbirləri görür

Azərbaycanda indiyə qədər sahibkarlığa yaradılan münbit şərait və bunun üçün lazım olan vacib infrastrukturun yaradılması koronavirus pandemiyasına qarşı mübarizədə də öz sözünü dedi. Elə dövlət başçısının təşəbbüsü ilə yaradılan Kimya Sənaye Parkında istifadəyə verilən tibbi maska istehsalı müəssisəsi də bunun bariz nümunəsidir.

Azərbaycanda ötən müddət ərzində yaradılan infrastruktur çətin anlarda ölkədə istənilən istehsal müəssisəsini yaratmağa və ya lazımı istiqamətə yönləndirməyə imkan verir. Ölkədə tibbi maska qıtlığının qarşısının alınması üçün dövlət başçısının təşəbbüsü ilə Kimya Sənaye Parkında yaradılan maska istehsalı müəssisəsinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Sənaye parkında yeni yaradılan bu müəssisə məhz vaxtında burda qurulan infrastruktur və təchizatın sayəsində mümkün oldu.

Millət vəkili Bəhruz Məhərəmmov bildirir ki, hazırda tibbi maska çatışmazlığı dünyanın bütün ölkələrində müşahidə olunur. Bu məqamda ölkənin maska idxalından azad olunması ən vacib addımlardan biri idi.

Bir çox ölkələr hələ məhdudlaşdırıcı tədbirlərin tətbiqinə qərar verib-verməməkdə tərəddüd edərkən Azərbaycanda bu addımlar vaxtında atıldı. Nəticə olaraq isə bu gün pandemiyanın miqyası və təhlükəsi Azərbaycanda bir çox ölkədən daha yaxşı vəziyyətdədir. Qısa zamanda 1000-dən çox çarpayılıq müasir xəstəxanaların istifadəyə verilməsi koronavirusla effektiv mübarizə üçün önəmli addım oldu. Bundan başqa, dövlət başçısının paytaxtda və bölgələrdə yeni xəstəxanaların qurulması ilə bağlı verdiyi mesaj dövlətin vətəndaşların sağlamlığı üçün bütün addımları atdığını və atacağını bir daha ortaya qoydu.

Təsadüfi deyil ki, qonşu ölkələrlə müqayisədə ən çox test məhz Azərbaycanda keçirilib və edilən testlərin sayı bu günə 53 min 300 olub. Millət vəkili Emin Hacıyev bildirir ki, görülən tədbirlər Azərbaycan dövlətinin istənilən çətin sınağa hazır olduğunu göstərir.

Dövlət başçısının sərəncamı ilə yaradılan 4 işçi qrupunun fəaliyyəti nəticəsində pandemiyadan zərər çəkən bütün təbəqədən olan vətəndaşlara dövlət dəstəyinin verilməsi isə xəstələrin müalicəsi ilə yanaşı, digər vətəndaşların bu böhrandan minimal itki ilə çıxmasına hesablanıb.

Xəbər lenti