Xəzər Xəbər

Beynəlxalq ictimaiyyətdən Ermənistana önəmli mesaj! VİDEO

Veb TV | 19:35 • 7 Aprel 2020
Beynəlxalq ictimaiyyətdən Ermənistana önəmli mesaj!

Ermənistanın martın 31-də Dağlıq Qarabağda keçirdiyi qondarma seçkilərə beynəlxalq ictimaiyyətin cavabı da gecikmədi. Çoxsaylı beynəlxalq təşkilatlar və 120 ölkə ermənistanın qeyri-qanuni təşəbbüsünü tanımadıqlarını açıqlayıblar. Bu isə artıq beynəlxalq aləmin erməni yalanlarına inanmadığını bir daha ortaya qoyur.

Bütün dünyanın koronavirusla mübarizə apardığı bir zamanda Ermənistan dövlətinin şovinizm ruhu və özgə torpaqlarını ilhaq etmək düşüncələri fonunda Dağlıq Qarabağda qondarma seçkilər keçirildi.

Hər zaman olduğu kimi yenə də bütün dünya ictimaiyyəti bu dırnaqarası seçkiləri tanımadığını bəyan etdi. Ancaq bu dəfə Ermənistanın Azərbaycan torpaqlarında keçirdiyi qondarma seçkilərə beynəlxalq aləmdə reaksiya daha geniş həcmdə və birbaşa oldu.Bu isə onu göstərdi ki, artıq ölkələr nəinki erməni yalanlarına inanmağa davam edir, əksinə beynəlxalq ictimaiyyət artıq onların yalan iddialarına etimad göstərməkdən ümumiyyətlə imtina edib. Bu barədə Xəzər Xəbərə açıqlama verən Xarici İşlər nazirliyinin idarə rəisi Leyla Abdullayeva bunun Azərbaycanın haqq səsinə beynəlxalq ictimaiyyəti verdiyi dəstək olduğunu vurğulayıb.

Leyla Abdullayeva bildirir ki, Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" tanınmır və qeyri-qanuni hesab olunur. Nazirlik rəsmisinin sözlərinə görə Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər ərazilərdə seçkilər ancaq işğala son qoyulandan sonra mümkün ola bilər.

Koronavirusla mübarizə mühitində kütləvi tədbirlərin qadağan olunduğu bir vaxtda Ermənistan rəhbərliyinin keçirdiyi seçkilər onların Dağlıq Qarabağda yaşayan insanların həyatına nə qədər önəmsiz yanaşmasını, həm də onların sağlamlıqlarını təhlükə atdığının bariz nümunəsidir.

Nəticədə isə beynəlxalq təşkilatlar və ölkələr qondarma seçkilərə münasibətlərini açıqlamaqla əslində Ermənistana bu həqiqəti də başa saldılar ki, işğal və onun nəticələri müasir dövrdə heç bir halda qəbul edilmir. Buna görə də danışıqlar substantiv əsaslarla davam etdirilməli və məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Xəbər lenti