Xəzər Xəbər

SOCAR-ın prezidenti Neft Daşlarında istehsalat sahələrinə baxış keçirib - VİDEO

Veb TV | 20:04 • 2 Aprel 2020
SOCAR-ın prezidenti Neft Daşlarında istehsalat sahələrinə baxış keçirib -

SOCAR-ın dəniz obyektlərində növbə metodlu iş rejimi ilə çalışan işçilərinin iş qrafikində yenidən dəyişiklik edilib.

Xatırladaq ki, 15 günlük iş rejimi ilkin olaraq 1 ay müddətinə qaldırılmışdı. İndi isə iki aylıq iş rejimi müəyyən edilib.

Xezerxeber.az-ın məlumatına görə, Neft Daşlarına səfər edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçilərlə görüşüb. O, iş qrafikinin dəyişdirilməsi təşəbbüsünün neftçilərdən gəlməsinin təqdirəlayiq bir addım olduğunu deyib. SOCAR-ın prezidenti uzadılmış növbə rejiminin, xüsusilə özüllərdə 15 gündən artıq qalmağın nə qədər çətin olduğunu vurğulayaraq, neftçilərin fədakarlığını xüsusi qeyd edib.

O, növbənin dəyişdirilməsi ilə bağlı zəruri hazırlıqların görüldüyünü və ayın 10-dan etibarən növbələrin tədricən dəyişdiriləcəyini deyib.

Rövnəq Abdullayev ümidvar olduğunu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyində xalqımız tez bir zamanda pandemiya təhlükəsini dəf edəcək.

SOCAR-ın prezidenti Neft Daşlarında istehsalat sahələrinə baxış keçirib, neftçilərin güzəranı və məişət şəraiti ilə yaxından tanış olub. Daha sonra dəniz obyektlərindəki bütün istehsalat sahələrində və inzibati binalarda aparılan dezinfeksiya işlərinə baxış keçirib. İşçilərlə görüşən zaman SOCAR-ın prezidentinin zala buraxılmamışdan öncə temperaturu yoxlanılıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi, bir çox digər qurumlarla yanaşı, SOCAR-ın müəyyən edilmiş işçiləri, xüsusilə aidiyyəti rəhbər işçiləri bayram günlərində iş başında olublar. SOCAR-ın fəaliyyət sahələrində, o cümlədən dəniz obyektlərində istehsalat əməliyyatları tam gücü ilə davam edir və şirkətin strukturlarında epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti