Xəzər Xəbər

“20 Yanvar”dakı tıxac problemi HƏLL OLUNUR VİDEO

Veb TV | 19:44 • 22 Fevral 2020
“20 Yanvar”dakı tıxac problemi HƏLL OLUNUR

Bakı-Sumqayıt yolunun kənarındakı torpaq təpəciklər dağıdılır. Yolun genişləndirilməsi işləri çərçivəsində həmin təpəciklərin yerində iki hərəkət zolaqlı yol çəkiləcək. Bu arada, ''20 yanvar'' dairəsi ətrafında sıxlığın qarşısını almaq məqsədilə hərəkətin təşkilində bəzi dəyşikliklər edilir.

Bu ilin may ayının sonuna qədər tikintisi yekunlaşdırılacaq yolda işlər plana uyğun olaraq sürətlə aparılır.

Söhbət günün pik saatlarında uzun sıxlığın yaşandığı Bakı-Sumqayıt yolundan gedir.

Qeyd edək ki, ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin müşahidə kamerası və radarı olan dirək də götürülür. Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı təpəciklərdəki dekorativ ağaclar da torpaqdan çıxarılaraq başqa ərazilərə daşınıb. Yolun genişləndirilməsi zamanı Avtovağzal yaxınlığındakı körpünün də müəyyən hissələri genişləndiriləcək. Hazırda həmin ərazidə suvay vurulur və bəzi bərkitmə işləri görülür.

Təmir işləri aparıldığından yolda sıxlıq yaşanmasın deyə ''20 yanvar'' dairəsi ətrafında da bəzi dəyişikliklər edilib. Sumqayıtdan Bakıya gələn nəqliyyat vasitələri üçün hərəkətin təşkili bir qədər yaxşılaşdırılıb.

Qeyd edək ki, "20 yanvar" metrostansiyası ətrafında nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə hələ 2017-ci ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlanıb. Layihəyə uyğun olaraq dairə işıqforla tənzimlənir. Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi, Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi planlaşdırılır ki, bu işlər də yaxın günlərdə görüləcək.

Xəbər lenti