Xəzər Xəbər

Əlillik göndərişlərində yeniliklər var VİDEO

Veb TV | 20:03 • 21 Yanvar 2020
Əlillik göndərişlərində yeniliklər var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik göndərişləri ilə bağlı dəyişiklikləri şərh edib.

Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin yeni Qərarları ilə "Əlilliyin qiymətləndirilməsi Qaydaları” və "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” təsdiq edilib.

Yeni qəbul olunmuş bu normativ hüququ aktlar göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında bir sıra yenilikləri nəzərdə tutur.

Belə ki, yeni qaydalara əsasən, artıq əlillik səbəbi ümumi və xüsusi olmaqla iki qrup üzrə müəyyən edilib. Həmçinin əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq "terror hadisələri ilə əlaqədar” səbəbi də əlavə olunub, əlilliyin qiymətləndirilməsi üçün verilmiş göndərişlərin qüvvədə olma müddəti (1 ay) ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

Həmçinin yeni təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə göndəriş vermək hüququ maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nazirlər Kabineti ilə razılaşdırmaqla birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına aid olacaq.

Yaxud müvafiq hallarda bu göndərişlər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən veriləcək. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilməsi də nəzərdə tutulub.

Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması faktı aşkarlandığı halda, göndəriş üçün stasionar və ambulator müalicə müddəti tələbi də aradan qaldırılır.

Xəbər lenti