Xəzər Xəbər

Azərbaycan-Rusiya iqtisadi əlaqələri genişlənir VİDEO

Veb TV | 19:18 • 10 Dekabr 2019
Azərbaycan-Rusiya iqtisadi əlaqələri genişlənir

Azərbaycan və Rusiya liderlərinin birgə siyasi iradə nümayiş etdirməsi, eləcə də Azərbaycanda yaradılan münbit biznes mühiti iki ölkənin iqtisadi subyektləri arasında əlaqələrin daha da genişlənməsinə səbəb olur. Rusiyanın iqtisadi inkişaf nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin Azərbaycana səfəri və qəbul edilən yeni qərarlar innovativ sahələrdə də əməkdaşlıq ediləcəyindən xəbər verir.

Rusiyanın iqtisadi inkişaf naziri Mixail Oreşkinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin Azərbaycana səfəri və burda yüksək səviyyədə keçirilən görüşlər diqqətdən yayınmadı.

Siyasi, hərbi sahədə böyük layihələrə birgə imza atan Azərbaycan və Rusiya bununla iqtisadi sahədə olan əməkdaşlığı daha da irəliyə aparmaq niyyətində olduqlarını açıq ortaya qoydular. İqtisadiyyat nazirliyinin dövlətlərarası əməkdaşlıq şöbəsinin müdiri Hafiz Zeynalov Xəzər Xəbərə müsahibəsində bildirib ki, Rusiya Azərbaycanın ən böyük ticarət və iqtisadi tərəfdaşlarından biridir və son səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər bu tərəfdaşlığı daha da genişləndirmək üçün önəmli addım oldu.

Hafiz Zeynalov Zabrat aeroportunda "Vertolyotların təmiri və servis Mərkəzi"-nin təməlqoymasının, eləcə də Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun istifadəyə verilməsi mərasimlərinin keçirilməsinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın yeni sahələrdə irəliləməsinin bariz nümunəsi olduğunu bildirib. Rusiya iş adamları bundan başqa da bir sıra sahələrdə, eləcə də Azərbaycan biznes camiəsı ilə Rusiyada müxtəlif istiqamətlərdə investisiya qoyuluşunu davam etdirirlər.

Şöbə müdiri onu da qeyd edib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri zamanı hər iki ölkə üçün yeni olan rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın qurulması üçün razılıq əldə olunub. Bundan sonra hər iki ölkənin aidiyyatı qurumları bununla bağlı yol xəritəsinin hazırlanması üçün birgə fəaliyyət planı hazırlamağa başlayıblar.

Qeyd edək ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 4,9 mlrd. dolları təşkil edir. Azərbaycan Rusiya iqtisadiyyatına isə 1,2 mlrd. dollar investisiya yatırıb.

Xəbər lenti