Xəzər Xəbər

Kobud qayda pozuntusu: Təhlükəli maddə daşıyan avtomobil yol kənarına park etdi - VİDEO

Veb TV | 19:54 • 22 Sentyabr 2019
Kobud qayda pozuntusu:

Bakıda təhlükəli maddə daşıyan avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verib. Sürücü avtomobilin təhlükəli maddə daşıyan qoşqusunuyaşayış binasının qarşısında saxlayaraq gedib. Ekspertlər bildirirlər ki, həmin avtomobil boş olsa belə bu qədər insanın yaşadığı binanın qarşısında saxlanılması qanuna uyğun deyil. Məsəlyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib.

Sürücü təhlükəli maddə daşıdığı avtomobilin qoşqusunu yolun kənarında park edərək gedib.

Görüntülər paytaxtın Xətai rayonu Neapol küçəsindəndir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, ötən gecədən sürücü üzərində təhlükəli maddə yazılan çəni binanın qarşısında saxlayıb.

Ərazidə yaşayan sakinlər deyir ki, gecə onlar da hər hansı bir xoşagəlməz hadisə baş verə biləcəyi qorxusu ilə yatıblar.

Qeyd edək ki, avtomobilin aşağı hissəsindən həmin təhlükəli maddədən bir qədər də yerə axıb. Bu da təhlükənin nə qədər ciddi olduğunu göstərir. Avtomobilin üzərində ''sürücü təhlükəli sürərsə'' bu nömrəyə zəng vurun yazısı da var. Amma həmin nömrələrə dəfələrlə zəng vursaq da telefona cavab verən olmadı.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, qanuna görə, belə təhlükəli maddə daşınan avtomobillər icazə sənədi ilə xüsusi marşurutla hərəkət edirlər. Amma bu tip nəqliyyat vasitəsinin yükü olmasa belə onlara yaşayış binasnın qarşısında dayanmağa icazə verilmir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər''ə bildirdi ki, təhlükəli maddə daşıyan avtomobillərə heç bir halda yaşayış binalarının qarşısından keçməyə icazə verilmir. Əgər həmin avtomobildə nasazlıq yaransa belə gecə ilə aradan qaldırılıb ərazidən aparılmalıdır. Ona görə də həmin fakt araşdırılacaq və sürücü barəsində qanunauyğun şəkildə cərimə yazılacaq.

Xəbər lenti