Xəzər Xəbər

Sumqayıt və Beyləqanda qətl hadisələri tördilib - saxlanılan var - VİDEO

Veb TV | 18:31 • 14 Avqust 2019
Sumqayıt və Beyləqanda qətl hadisələri tördilib -

Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsi ərazisindəki gübrə zavodunun yaxınlığında qətl hadisəsi olub.

Xezerxeber.az-ın məlumatına görə, 44 yaşlı Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində qətlə yetirilib. Bislan Bakayev ürək nahiyyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb.

Baş Prokurorluq da Sumqayıt şəhərində baş vermiş qətllə bağlı məlumat yayıb. Məlumata görə, Bislan Bakayev bu qəsəbədə kirayədə yaşayırmış. Onun qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Bislan Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 32 yaşlı Tural Muxtarov tutulub, hadisə yerindən cinayətin aləti olan bıçaq da aşkarlanıb. Saxlanılan şəxs dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Beyləqanda da ölümlə nəticələn cinayət hadisəsi baş verib. Rayonun Kəbirli kəndində baş verən hadisədə rayon sakinləri Savalan Qasımov və Məhəmməd Yusifov çoxsaylı bıçaq xəsarəti alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ağır bıçaq xəsarəti alan Savalan Qasımovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Məhəmməd Yusifovun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti