Xəzər Xəbər

Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - VİDEO

Veb TV | 18:51 • 23 İyul 2019
Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib -

Prezident İlham Əliyev bu gun Kolumbiya, Malayziya, İsveçrə, Almaniya və Çinin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev Kolumbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

Dövlət başçısı Kolumbiyanın səfirinin Azərbaycanda fəaliyyətə başlamasının önəmini qeyd edərək, bunu tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirərək iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Dövlətimizin başçısı bu baxımdan ticarət, qarşılıqlı investisiya sahələrində əlaqələrin qurulması üçün yaxşı potensialın mövcud olduğunu deyib.

Luis Antonio Dimate Kardenas isə ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyərək iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra Prezident İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlət başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Daha sonra Prezident İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.

Dövlət başçısı İsveçrə prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çərçivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əlaqələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu deyib. Dövlət başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirib, İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd edib.

Muriel Peneveyre isə səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət başçısı həmçinin Almaniyanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.

Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən Prezident bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğulayıb. Dövlət başçısı qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını deyib.

Volfqanq Maniq isə Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Prezident Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin də etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafında rolunu qeyd edib. Bu ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfərini xatırlayan Prezident İlham Əliyev bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünün ölkələrimizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha göstərdiyini qeyd edib. Prezident eyni zamanda, bildirib ki, Çindən Azərbaycana gələn turistlərin sayının artması da əlaqələrin inkişaf etməsinin yaxşı göstəricisidir.

Xanım səfir isə mühüm məsələlərlə bağlı ölkələrimizin bir-birini dəstəkləməsini münasibətlərimizin inkişafının mühüm göstəricisi kimi dəyərləndirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti