Xəzər Xəbər

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib - VİDEO

Veb TV | 19:53 • 12 İyun 2019
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib -
İyunun 12-də Qəbələdə yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, nazirlər əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarı və "Əbədi məşəl" abidəsi önünə gül dəstələri düzüblər. Sonra hər üç ölkənin Müdafiə naziri ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb.

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov birgə hərbi təlimlərdən danışıb. O qeyd edib ki, hər iki ölkə bu təlimlərə Gürcüstanı da dəvət edir.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da vurgulayıb ki,Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir.

Gürcüstanın Müdafiə naziri Levan İzoriya da görüşdə müzakirə edilən məsələlərdən danışıb. O əlavə edib ki, Gürcüstan gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə maksimum şəkildə qoşulacaq.

Tədbir çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov,Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə ayrı-ayrı görüşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti