Xəzər Xəbər

Ordumuz genişmiqyaslı təlimlərə başlayır - Təlimlər Ermənistanı qorxuya salıb - VİDEO

Veb TV | 20:13 • 15 May 2019
Ordumuz genişmiqyaslı təlimlərə başlayır -

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.


Bu arada Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsi həmişə olduğu kimi, növbəti dəfə Ermənistan tərəfini qorxuya salıb.


Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.


V.Dərgahlı bildirib ki, Ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır. Eyni zamanda, təlimin mərhələləri barədə foto-video süjetlər nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur. Bizdən fərqli olaraq Ermənistan tərəfi heç vaxt belə addım atmır. Ermənistan keçirdiyi "hərbi təlimlər” barədə əvvəlcədən rəsmi məlumat vermir, yalnız "təlim” bitdikdən sonra əvvəllər çəkilmiş bir-iki döyüş texnikasının köhnə foto və videolarını yaymaqla kifayətlənir. Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi Yerevan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir.




Xəbər lenti