Xəzər Xəbər

Ermənistan ordusu texnikaları və sakinləri atəşə tutur - Pambıq sahələrdə qalıb - VİDEO

Veb TV | 20:52 • 13 Sentyabr 2017
Ermənistan ordusu texnikaları və sakinləri atəşə tutur -

Ermənistan silahlı qüvvələri cəbhəyanı kəndləri atəşə tutmağa davam edir. Bu səbəbdən də Tərtərin bəzi ərazilərində pambıq yığımında problem yaranıb. Həm sahələrə çıxan texnikalara, həm də sakinlərə atəş açılır.

Ermənistan silahlı qüvvələri cəbhəyanı kəndlərdə pambıq yığımına mane olur…

Bu il Tərtərdə 3100 hektardan artıq sahədə pambıq əkilib. Bunun bir hissəsi cəbhəyanı ərazilərə düşür. Sakinlərin sözlərinə görə, əkin sahələri birbaşa təmas xəttində yerləşir və qarşı tərəfdən aydın müşahidə edilir. Gündüz saatlarında sahəyə kombayn saldıqda isə ermənistan ordusu texnikanı atəşə tutur.

Fermerlər həmin ərazilərdə məhsulun əllə yığmağın da təhlükəli olduğunu deyir. Həm insanlar atəşə məruz qala bilər , həm də yanğınlar nəticəsində sürünənlər əkin sahələrinə keçdiyindən əl yığımı çətinləşib.

Bir həftə ərzində yığıma başlanılmazsa məhsul zay ola bilər. Əkin prosesi də gecə saatlarında həyata keçirilib.

Yuxarı Qaradağlı kənd icra nümayəndəliyindən bildirildi ki, hazırda Qapanlı və Yuxarı Qaradağlı kəndləri ərazisində 16 hektara yaxın əkin sahəsi birbaşa təmas xəttində yerləşir. Həmin sahələrdən məhsulun toplanması zamanı təhlükəsizliyin təminində vasitəçilik etmək üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yerli ofisinə müraciət olunub.

Kənd İcra Nümayəndəsi bildirib ki, əgər komitə tərəfindən müraciətə müsbət cavab verilməsə, məhsulu zay olmaması üçün hava qaralandan sonra əllə toplamağa məcbur olacaqlar.


Xəbər lenti