Koronavirusun yeni klinik əlamətləri üzə çıxır - AÇIQLAMA - VİDEO

03.07.2020 21:30

Ölkədə yanaşı xəstəliyi olmayan gənc şəxslərdən də vəziyyəti ağırlaşanlar var. Həmçinin son vaxtlar COVID-19-un yeni klinik əlamətləri də üzə çıxır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVID-19 xəstəliyinin hazırda çox ciddi yeni klinik əlamətləri meydana çıxmaqdadır: "Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir. Diabet xəstələrində çox ağır patologiyalara səbəb olur. Genetik faktorlar burada çox önəmlidir. Xəstəliyin autoimmun xarakterdə keçməsi baxımından xəstəliyi ailələr şəklində ağır şəkildə keçirənləri görürük. Təəssüflər olsun ki, yoluxma sayı artdıqca və daha çox əhali arasında yayıldıqca ağır keçirilən halların da şahidi oluruq”.

Qeyd edilib ki, hazırda koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakının payına düşür. Bildirilib ki, son günlər narıncı zonaya daxil olan rayonlarda yoluxma hallarında artım müşahidə olunur. Koronavirusla bağlı vəziyyətin qənaətbəxş olduğu rayonlar isə Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdabdır. Vurğulanıb ki, COVID-19-a daha çox 50-59 yaşlı şəxslər yoluxur. Lakin son vaxtlar gənclər arasında da yoluxma halları artıb. Hətta infeksiyanın ciddi xəstələyi olmayanlarda da ağırlaşması müşahidə edilir.

Bildirilib ki, yoluxmalar əsasən kütləvi mərasimlərdə, xüsusən də yas yerlərində baş verib.

Mətbuat konfransında rayonlara gediş-gəlişin nə vaxt açılacağına da aydınlıq gətirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, bəzən ölkə üzrə hərəkət icazəsi olanlar bundan sui-istifadə edərək paytaxtdan rayonlara gedir. Buna da ciddi nəzarət olunacaq və yalnız ezamiyyət üçün gedənlərə imkan yaradılacaq. Bununla bağlı icazə portalında yenilik də ediləcək.

icaze.e-gov.az portalında 5 iyula qədər olan icazələr isə avtomatik deaktiv ediləcək. Təşkilatlar yenidən icazələri aktivləşdirməlidirlər. Ümumilikdə isə icazəsi ləğv olunan əməkdaşlarla bağlı daim təşkilatın elektron kabinetinə bildiriş göndərilir.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov qeyd edib ki, 21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda 190 manatlıq ödənişlərin 2-3 gün ərzində hissə-hissə ödənilməsinə başlanacaq. Digər 8 rayonla bağlı da müzakirələr gedir. İlkin dövrdə pandemiyadan zərər çəkən sektorlara da dəstək verilib. Pandemiya ilə əlaqədar zərərçəkən sektorların siyahısına yenidən baxılmasına ehtiyac var. Onlara da müvafiq dəstək nəzərdə tutulub.

Pandemiya dövründə kreditlərə dair güzəştlər paketinə isə hazırda baxılmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






424 dəfə oxunub

XƏBƏRLƏR

06.08.2020 16:13

Bakıda park yanır

ÇOX OXUNANLAR