Azərbaycanda koronavirus xəstələrinə yeni müalicə üsulu tətbiq olunur - VİDEO

02.06.2020 19:33

Hazırda ölkəmizdə vəziyyəti kritik olan onlarla COVID-19 xəstəsi var. Belə ağır xəstələrin sağalması üçün mümkün metodlardan biri plazma üsuludur.

Artıq Azərbaycanda ağır koronavirus xəstələrinə konvalesent plazma müalicəsi də tətbiq olunur.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıl Əliyev də COVID-19 bəlasından xilas olan onlarla insandan biridir.

Paytaxtdakı xəstəxanalardan birində çalışan müsahibimizin sözlərinə görə, özü koronaviruslu xəstələrə qulluq edib, amma bəla ondan da yan keçməyib.

Müalicəni müvəffəqiyyətlə başa vuran İsmayıl Əliyev hazırda qan verərək xəstə insanların sağlaması üçün yardım edir.

Əcnəbi vətəndaş Fərrux Özoğulu da xəstəliklə mübarizə aparıb sağalan insanlardandır. O da hazırda plazma üsulu ilə müalicə üçün lazım olan qan vermədə iştirak edir.

Pasiyentlərdən qan almaq üçün öncə steril paketlər açılır, lazım olan ləvazimatlar alınır və prosesə başlanılır. Hər bir insan xüsusi aparatlara qoşulur və bununla da onlardan alınan qan müəyyən prosedurlardan keçdikdən sonra hazır hala salınır.

Həkim revmatoloq Emil Qasımovun sözlərinə görə, plazma üsulu artıq dünyanın bir çox ölkələrində istifadə olunur. Bir necə müddətdir ki, ölkəmizdə də tətbiqinə başlanılıb.

Emil Qasımovun sözlərinə görə, reanimasiya şöbəsində yatanların sayı hər keçən gün artır. Belə xəstələrin aparatdan ayrılmaları üçün plazma üsulu ilə müalicəyə ehtiyacları var. Yəni verilən hər bir qan bir neçə insanın sağalması deməkdir.

Plazma əsasən 18-60 yaş aralığında, koronovirusdan sağalan insanlardan alınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR