Toy bazarında böhran yaşanır - VİDEO

29.05.2020 20:35

Karantin rejimində toy mərasimlərinin təşkilinə qoyulan qadağa həm toy etmək istəyənləri, həm də restoran sahiblərini çıxılmaz vəziyyətdə qoyub. Üstəlik, ölkənin toy sənayesi indiyə qədər görülməmiş ziyanla üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, toylarla bağlı tətbiq olunmuş qadağanın aradan qaldırılmasını səbirsizliklə gözləyən restoran sahibləri şadlıq saraylarına qoyulacaq yeni tələblərdən narahatdırlar. Ən çox müzakirə olunan məsələ saraylarda masa və stulların sayının azaldılması yolu ilə zalda insanların seyrəkliyini təmin etməkdir.

Restoran işlədən sahibkarlar deyirlər ki, masa və stulların sayını azaltmaq mümkün olsa da, bu, restoran sahibləri üçün sərfəli deyil. Xüsusilə də icarə ilə işləyən restoranlarda masa sayını azaltmaq ciddi ziyana səbəb ola bilər. Üstəlik, masa sayı azaldılacağı təqdirdə restoranlarda qiymətlər bahalaşa bilər.

Bununla belə bəzi restoran sahibləri müəyyən güzəştlərə getməyə və gigiyena qaydalarının sərtləşdirilməsinə hazırdırlar. Onlar deyirlər ki, zalları geniş olan saraylarda masalararası məsafəni uzatmaq mümkündür.

İndiki vəziyyətdə isə şadlıq saraylarında qarşıdakı ayların bütün günləri rezervasiya olunub. Hətta əvvəllər əsasən şənbə və bazar günlərində toy etməyə üstünlük verilirdisə, indi həftəiçi günlər də doludur.

Qeyd edək ki, mart ayından etibarən ölkə üzrə toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Bu qadağanın nə vaxta qədər qüvvədə olacağı isə hələ ki, bəlli deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR