Şanlı Aprel döyüşlərindən dörd il ötür - İki qardaşdan biri şəhid, digəri qazi olub - VİDEO

04.04.2020 19:28

Biləsuvarda yerləşən qaçqın şəhərciyində yaşayan Qəhrəmanovlar ailəsindən olan 2 qardaş aprel döyüşlərində iştirak edib. Onlardan biri şəhid, digəri qazi olub. Şəhidimizin keçmiş döyüşçü olan atası və qazi qardaşı XəzərXəbər-ə danışıblar.

Birinci Qarabağ döyüşlərində iştirak edən kişinin 2 oğlu da aprel döyüşlərində vuruşub.

Döyüş əmri alandan sonra 2 qardaş bir-birindən halallıq alıb.

Söhbət aprel döyüşlərinin iştirakçısı olan şəhid Ruhin və qardaşı Qəhrəman Qəhrəmanovdan gedir. Atası Əşrəf Qəhramanov Qarabağ döyüşlərinin iştirakçısı olduğuna görə, övladları da atalarının yolu ilə gedərək hərbçi olublar. Atası deyir ki, döyüşlərdən bir neçə gün əvvəl Ruhin valideynləri ilə sağollaşaraq xidmətə yollanıb.

1994-ci ilin oktyabrında Biləsuvarda yerləşən Cəbrayıl qaçqın şəhərciyində dünyaya göz açan Ruhin və ondan 2 yaş böyük qardaşı Qəhrəman həmin günlərdə eyni hərbi hissədə olublar. Qəhrəman Ruhini son dəfə döyüş əmri aldıqdan sonra vidalaşərkən görüb. Lələ-Təpə uğrunda döyüşlərdə igidliklə vuruşan qardaşlar ayrı-ayrı komandalarda döyüşdüyündən Qəhrəman Ruhinin şəhid olduğundan xəbərsiz olub.

Ruhin Aprelin ikisində qəhraman kimi şəhid olub. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə ''İgidliyə görə'' medalı ilə təltif edilib.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR