Azərbaycanda koronavirus şübhəsi ilə nəzarətə götürülən şəxslərin sayı məlum olub - VİDEO

27.02.2020 19:53

Azərbaycanda koronavirusun yayılmaması üçün profilaktik tədbirlər bütün sahələrdə həyata keçirilir. Sərhəd buraxılış məntəqələrində bu xəstəliyin ölkəmizə gəlməməsi üçün gücləndirilmiş iş rejimi elan edilib, tez-tez dezinfeksiya işləri həyata keçirilir. Buna rəğmən ötən gün İrandan gələrək Azərbaycandan keçməklə Gürcüstana gedən şəxsdə bu virusun aşkarlanması aidiyyatı dövlət qurumlarını hərəkətə keçirib.

Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıb və 50 yaşlı həmin şəxsin gömrük nəzarətindən keçməsi araşdırılıb. Müəyyən edilib ki, gömrük keçid məntəqəsindəki yoxlama anında onun hərarəti norma daxilində olub, səhətində şübhə doğuran hər hansı hal qeydə alınmayıb. Nazirlikdən verilən məlumata görə, Astaradan Gürcüstan sərhədinə qədər olan 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər. Həmin şəxsin ölkədə təmasda olduğu bütün şəxslər , o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7, xüsusi ayrılmış tibb müəssisəsində isə 2 nəfər var. Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında isə 91 nəfər həkim müşahidəsinə alınıb.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara inanmamağa çağırıb və vəziyyətin tam nəzarət altında olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






468 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR