Mehriban Əliyeva Papa Cəngavər Ordeninə layiq görüldü - VİDEO

23.02.2020 18:56

Prezident İlham Əliyev Vatikana səfər çərçivəsində müqəddəs taxt-tacın dövlət katibi Pietro Parolini ilə görüşüb. Prezident Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə dinlərarası və mədəniyyətlərarası dialoqun, multikulturalizmin prioritet olacağına diqqət çəkib. Birinci Vitse-Prezident Mehriban Əliyeva isə Papa Cəngavər ordeninin ən ali dərəcəsinə layiq görülüb. Səfər zamanı Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi də ziyarət edilib.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub.

Dövlət başçısı Roma Papasının 2016-cı ildə Azərbaycana səfərini qeyd edib. Bildirib ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir. Dövlət başçısı ölkəmizdə etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını vurğulayıb. Prezident İlham əliyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə dinlərarası və mədəniyyətlərarası dialoqun, multikulturalizmin prioritet olacağına diqqət çəkib.

Kardinal Pietro Parolin Azərbaycanla Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirib. O, Prezident İlham əliyevin rəhbərliyi ilə Azərbaycanda mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğulayıb.

Pietro Parolin Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şəraitin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Prezident İlham əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb və Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirib.

Dövlət başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Sonra kardinal Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını təqdim edib. Birinci vitse-prezident Mehriban əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Daha sonra dövlət başçısı,birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü" barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən "Tullius Zethus" məqbərəsi Heydər əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. Bu işlərin bu ilin may ayında başa çatması planlaşdırılır. 2019-cu ilin fevral ayında Heydər əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən hazırda "Müqəddəs Komodiliya" katakombalarındakı mavzoleyin bərpası işləri aparılır və layihənin 2020-ci ildə başa çatması nəzərdə tutulur. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə birinci vitse-prezident Mehriban əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan "Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası" layihəsi çərçivəsində son tamamlama işləri yekunlaşıb.

Sikstin Kapellasının yerləşdiyi bina Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biridir. Qeyd olundu ki, 1481-1483-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatlarından səhnələr təsvir olunan freskalar çəkilib. XV əsrdə dünya şöhrətli italiyalı heykəltəraş Mikelancelo kapellanın tavanının və mehrab divarının rəsmlərini yaradıb. Bura həm də muzey kimi fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR