İşaxtaranlar üçün vacib xəbər - VİDEO

08.11.2019 19:00

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Məşğulluq” altsistemi əhalinin istifadəsinə verilib. 

Xezerxeber.az xəbər verir ki, bunu nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə əlaqədar noyabrın 8-də keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

"Məşğulluq” altsisteminin əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdıraraq bildirib ki, yeni sistem işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir və həmin baza daim yenilənir. Beləliklə, "Məşğulluq” altsistemi işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. 
Qeyd edilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları "Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına və yaxud e-gov.az ünvanına daxil olmalı, "e-Xidmətlər” bölməsində "Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra "Vakansiyalar” bölməsindəki "Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatları daxil etməli, sonra isə "Yadda saxla” düyməsini basmalıdırlar.

İşsiz və işaxtaranlar isə "E-sosial” və ya "e-gov.az” portalı vasitəsilə "Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra Məşğulluq Mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müqaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya "İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.

Anar Əliyev onu da qeyd edib ki, hazırda nazirliyin elektron bazasında 14 200 vakant yer var. Bundan əlavə nazirlik güzəştli kateqoriyaya daxil olan şəxslərin işə götürülüb-götürülməməsinə də portal vasitəsilə nəzarət edə biləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR