Ötən gecə güclü külək fəsadlar törətdi - VİDEO

22.09.2019 19:05

Güclü külək ötən gecə Bakıda bir sıra fəsadlar törədib. Şəhərin bir neçə ərazisində irigövdəli ağaclar aşıb. Aşan ağaclar hətta komunikasiya xətlərinə də ziyan vurub. Külək Goranboyda da bəzi fəsadlara səbəb olub.

Güclü külək iri qovaq ağacının budağını qırıb.

Hadisə gecə saatlarında paytaxtın Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində baş verib. Ağacın iri gövdəsi səhər saatlarında Yaşıllaşdırma Təsərüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik təmin edilməklə kəsilib.

Hissələrə bölünən ağac daha sonra yük avtomobilinə yığılaraq ərazidən daşınıb. Bənzər vəziyyət Nərimanov parkında da olub. Burda da gecə saatlarında bir neçə şam ağacı küləyin gücünə tab gətirməyərək aşıb. Aşan ağaclar ərazidən daşınıb.

Güclü külək Səbail rayonu İstiqlaliyyət küçəsində də ağacı qıraraq maşın yoluna aşırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Həmin ağac da kəsilərək daşınıb və yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə "Azəriqaz" İstehsalat Birliyinin 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılıb. Qrumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovun verdiyi məlumata görə, bir neçə ərazidə ağacların qırılması qaz xətlərinə ziyan vurub. Nəticədə də qazın verilişində fasilələr yaranıb.

Qeyd edək ki, güclü küləklə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə də ötən gündən xəbərdarlıq edib. Sürücülərə avtomobillərini hündür və irigövdəli ağacların altında park etməmələri, ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilib.

Goranboyda isə Heydər Əliyev prospektində irigövdəli çinar ağacı küləyə tab gətirməyib. Küləyin aşırdığı ağac avtomobil yoluna düşdüyündən gediş-gəlişdə çətinlik yaranıb. Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb. Adiyyatı qurumlar küləyin aşırdığı ağacı gecə saatarında ərazidən götürüblər. Goranboy -Ağcakənd yolunun ətrafında quru ağac da kökündən qopub. Bundan başqa güclü külək Goranboyun bir neçə yaşayış məntəqəsini işıqsız qoyub. Rayonun Qızılhacılı qəsəbəsi, Boluslu, Səfikürd,Tatarlı kəndlərinə enerji verilişində fasilələr yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

© xezerxeber.az

FOTOQALERIYA






174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR