Qida Təhlükəsizliyi Agentliyi Gəncə və Xaçmazda reydlər keçirib - VİDEO

19.08.2019 20:14

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

Xezerxeber.az-ın məlumatına görə, müəyyən edilib ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir.

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 189 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib.

Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA tərəfindən həmçinin baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün Xaçmaz rayonu, Xaçmaz-Xudat-Nabran yolu istiqamətində yol kənarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Reydlər zamanı baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəraitdə heyvanların kəsilməsi və satılması müşahidə edilib. Bununla əlaqədar heyvanlar kəsildikdən sonra asılması üçün istifadə olunan və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan dirəklər və qarmaqlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən kəsilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR