Sərhəd qoşunları Qazaxda irəlilədi - Tutulmuş mövqelərdə yeni döyüş məntəqələri yaradılıb - VİDEO

14.08.2019 19:22

Qazax rayonunda bəzi istiqamətlərdə mövqelərimiz daha da irəli çəkilib. Tutulmuş yeni mövqelərdə isə 4 sərhəd döyüş məntəqəsi yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın sərhəd qoşunları Ermənistan-Azərbaycan sərhədində, Qazax rayonunda yerləşən Babakər dağı istiqamətində mövqelərini möhkəmləndirib. Hazırda 700 metr yüksəkliyindəki strateji Babakər dağ silsiləsinin zirvəsindən çox uzaqlıqda yerləşən, lakin yenə də Ermənistan silahlı qüvvələrinin mövqelərinə görə hakim yüksəklik statusunu qoruyan bütün hündürlüklərdə sərhədçilərimiz tərəfindən yeni mövqelər yaradılıb.

Bir neçə gün əvvəl həmin əraziyə baş çəkən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, tutulan yeni mövqelərdə sərhədlərin müdafiə və mühafizəsi gücləndirilmiş rejimdə, əlavə silah, avadanlıq və texnikaların cəlb edilməsilə ciddi nəzarət altında həyata keçirilir. Şəxsi heyətin silahlanmasında yerli istehsal olunan silahlarla yanaşı, ən müasir snayper silahlarından da istifadə edilir.

Yeni mövqelərdə müdafiənin yaradılmasında ehtiyat bölmələrin gizli və təhlükəsiz şəkildə təmas xəttindəki mövqelərə vaxtında yerləşdirilməsi üçün zəruri şərait yaradılıb. Müxtəlif çaplı və fərqli təyinatlı silahlar düşmənlə real atəş məsafəsinə uyğun mövqelərdə yerləşdirilib. Sərhəd qoşunlarının bölmələrinin düşmən atəşindən qorunmasına, düşmənin manevrini məhdudlaşdırmaqla ona maksimum itki verilməsinə diqqət yetilib.

Ədalət Verdiyev deyir ki, tutulmuş yeni mövqelərdə 4 sərhəd döyüş məntəqəsinin yardılması, həm mühafizə, həm də müdafiə baxımından ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Ona görə ki, ordumuzun irəli çəkilməsi nəticəsində şəxsi heyətin ön mövqelərə təhlükəsiz yaxınlaşması və manevr etməsi daha da genişlənib.

Qeyd edək ki,700 metr yüksəklikdə olan Babakər dağ zirvəsi ərazidəki ən strateji yüksəklik hesab olunur. Bu yüksəklik düşmənin bir çox ərazi və infrastrukturlarına nəzarət etməklə yanaşı, Azərbaycan tərəfinin də yaşayış məntəqlərinin, habelə infrastruktur obyektlərinin etibarlı mühafizəsi üçün əhəmiyyətlidir. Babakər dağının zirvəsi əvvəllər də Azərbaycan Ordusunun nəzarətində olub, amma düşmən müxtəlif yollarla orada möhkəmlənməyə maneələr törədirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






313 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR